HAQSIZLIQDAN SAHİBKAR AZƏR BAĞIROV PREZİDENTƏ MÜRACİƏT ETDİ

HAQSIZLIQDAN SAHİBKAR AZƏR BAĞIROV PREZİDENTƏ MÜRACİƏT ETDİ

30.11.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Lənkəran rayonu, Boladi kənd sakini, sahibkar Bağırov Azər İsmayıl oğlu tərəfindən

                                                    M Ü R A C İ Ə T

       Hörmətli cənab Prezident!

Sizin ölkədə sahibkarlığın inkişafı, vətəndaşların pozulmuş hüquqlarının müdafiəsi üçün verdiyiniz Sərəncam və göstərişlər Lənkəranda rayon rəhbərliyi tərəfindən mənə və ailəmizə qarşı pozulur. Müraciətlərimiz cavabsız qalır. Azad sahibkarlığın, kiçik və orta biznesin inkişafına, bununla da ölkədə ərzaq bolluğunun yaradılmasına rayon məmurları məsuliyyətsizlik nümayiş etdirir. 1972-ci ildə Lənkəranın Şirinsu kəndində inşa edilmiş 100 başlıq heyvandarlıq fermasının uzun müddət rəhbəri atam Bağırov İsmayıl Oruc oğlu olmuşdur. 2000-ci ildə ferma tərəfimizdən özəlləşdirilmiş, nəzdində 2005-ci ildə “Şamxal” fermer təsərrüfatı yaradılmışdır. Əvvəlki rayon rəhbərliyi və yeni yaradılan bələdiyyə orqanı tərəfindən heyvandarlığın inkişafı üçün bizə uzun müddətli istifadə üçün 8 hektar otlaq sahəsi ayrılmış və müqavilə əsasında bütün rüsumlar ödənilmişdir. 2012-ci ildə rayon ərazisində yol tikintisi üçün həmin torpaq sahəsinin 5 hektarı İran şirkəti tərəfindən qazılaraq çınqıl-qum kimi istifadə edilmiş, qazılmış yerin torpaqla doldurulması vədi şirkət tərəfindən yerinə yetirməmiş, həmin torpaq sahəsi tam yararsız hala çevrilmişdir. Müvafiq orqanlara müraciətimizlərimiz nəticəsiz qalmış və təsərrüfatımızın dağılmasına səbəb olmuş, götürdüyüm kreditin vaxtında ödənilməsinə əngəl yaratmışdır. Pandemiyadan sonra təsərrüfatı dirçəltmək üçün ailə üzvlərimizlə birlikdə bütün gücümüzü səfərbər etmişik. Ancaq rayon rəhbərliyinin göstərişi ilə Liman Bələdiyyəsinin sədri fermer təsərrüfatımın istifadəsində olan torpaq sahəmizi qonşu rayonlardan olan ayrı-ayrı şəxslərə satır, bizə işləməyə və yenidən təsərrüfatımızı əvvəlki illərdəki vəziyyətə qaytarmağa imkan vermir.

Xahiş edirik bizə qarşı ədalətsizliyin aradan qaldırılması üçün müvafiq göstərişlər verəsiniz.

Sizə böyük məhəbbətlə, sahibkar Azər Bağırov  

Share