YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ- DÖVLƏT PROQRAMINA DÖVLƏT QAYRĞISI VARMI?
02.12.2022Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, təcrübəsiz sürücülər arasında törədilən qəza hallarının səbəblərindən biri peşə təhsili hazırlığı səviyyəsinin kifayətsizliyi və natamamlığıdır. Bu, bilavasitə baş vermiş qəzalara aiddir. Ancaq dünyanın meqapolis şəhərlərindən birinə çevrilmiş Bakıda yaranan tükürpədici tıxaclar insan beynini az qala iflic vəziyyətə gətirib. Rayonlardan sürətlə taksi xidmətində fəaliyyət göstərməyə gələn, şəhərin nəqliyyat xəritəsini tanımayan ucuz sürücü axınının qarşısı alınmalıdır.
Digər tərəfdən Bakıda tıxacların bir qismi məhz ali və orta təhsil müəssisələrinin üzərinə düşür. Bir çox ekspertlər təklif edir ki, adı çəkilən təhsil müəssisələrin iş rejiminin pilləli cədvəllə səhər saat 08.00-da, 08.30-da və 09.00 başlanmalıdır. Şübhəsiz ki, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı olmalıdır. Digər tərəfdən isə, Bakı şəhərinin mərkəzi hissələrində sərnişin daşıyan avtobusların texniki vəziyyəti təftiş olunmalı, müvafiq standartlara uyğunlaşdırılmalıdır. Hər 100-200 metrdən bir dayanacaqların olması da heç bir standarta uyğun deyil. Avtobus marşrutları Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən işlənməli, marşrutlardakı avtobusların sayına, hərəkət rejiminə yenidən baxılmalıdır.
Həmçinin şəhərdaxili marşrut avtobusları hərəkətini tənzimləyən dispetçerlərin iş fəaliyyətini təkmillşdirmək, tənzimləmək lazımdır. Bu təkliflərin həyata keçirmək üçün böyük kapital qoyuluşuna ehtiyac yoxdur.
Bakı şəhərində parklanma yerinin də bir qrup şəxslər tərəfindən zəbt edilməsi ilə sürücülər avtomobillərini yolların kənarında saxlayırlar və bunun da nəticəsində tixaclar yaranmağa başlayır. Bu səbəblər bizə bəlli olandan sonra biz bunun həlli yolunu tapa bilərik. Bunlarında həlli yolları var. Vətəndaşlar avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatdan istifadə etməlidirlər. İctimai nəqliyyatda da avtobusların sayı azdır. Bunun da həlli yolunu araşdırıb və problemi aradan qaldırmaq lazımdır.
Daha sonra parkinq siyasəti əlverişli qurulmalıdır. Yolun genişləndirilməsi və digər bu kimi yüngül tədbirlər sıxlığın qarşısını almaq üçün effekt verməyəcək. Yol genişlındikcə avtomobillərin sayı daha da artacaq. Ona görə yalnız yolun optimal istifadəsindən söhbət gedə bilər. Burada əsas amil eyni yol sahəsində eyni anda daha çox ictimai nəqliyyatla sərnişin daşınmasıdır. Sərnişinlərə də bu daha keyfiyyətli təqdim olunduğu halda hamı məncə razı qalacaq. Sadəcə bu bir günlük proses deyil, bunlar mərhələli sürətdə yaxın, orta və uzaq vədəli bir yol xəritəsi ilə icra olunmalıdır. Əsas amillərdən biri də budur ki, 201-ci ildə ölkədə 2019-2023-cü illərdə yol hərəkətinin təhlükəsizliyi haqqında Dövlət Proqramının icra mexanizminin işə salınması, Baş Dövlət Yol Polisində, Elm Və Təhsil Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ciddi təftişlər aparılmalı, Proqramın icrasını bilərəkdən yubadan məmurlar ciddi cəzalanmalıdır. Əks halda bu sahədə ölkəmizi, paytaxt Bakını həqiqətən fəlakət gözləyir.

Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru,
AJB üzvü, “Qızıl Qələm” media mükafatının laureatı











