Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu keçirilib

Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu keçirilib

05.12.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib. Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb.

Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi Forumda gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTI) sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edək ki, həyata keçirilən fəaliyyətlərdə 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu əhatə edib. Daha sonra, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən video hesabatlar və “Azərbaycan Könüllüləri 2022-ci ildə” adlı hesabat jurnalı təqdim olunub.

Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Həmçinin BMT Könüllüləri proqramının rəhbəri Toily Kurbanovun videomüraciəti olub, sonra isə Azərbaycan Könüllülərinin TEDx formatında çıxışları və “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirilib.

Share