Ömürlük məhbusların doğmaları Prezidentə MÜRACİƏT ETDİ

Ömürlük məhbusların doğmaları Prezidentə MÜRACİƏT ETDİ

06.12.2022 Off By Füzuli İsmayılov

 

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi bu gün toplantı keçirərək məhbusların ağır vəziyyəti ilə bağlı müzakirələr aparıb.Müzakirələrdə Komitənin sədri Akif Nağı, məhbus valideynlərindən Əsmət Əhmədova, Nailə Vəliyeva, Rəna Həsənova, Natiq Xozexaq, Təranə Məmmədova, Məzahir Qədirov, Nurəddin Quliyev və digərləri çıxış edib, konkret faktları göstərib, təkliflərini veriblər. Sonda toplantı iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. 

Rezonans.az-ın məlumatına görə müraciətdə deyilir: 

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi, illərdir həbsxanaların qarşısında əziyyət çəkən, zülm görən, ümidini hər yerdən üzən, hətta yaşamaq belə istəməyən ömürlük məhbusların ailə üzvləri, yaxınları olaraq Sizə müraciət edirik. Bu məhbusların içərisində Qarabağ müharibəsində fəal iştirak edən, dövlət təltifləri olan Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov kimi keçmiş döyüşçülər də var. Onlar artıq 26 ildir ki, həbsdədirlər. Sizin rəhbərliyinizlə düşmən üzərində parlaq qələbə qazanılıb, torpaqlarımız işğaldan azad olunub. Belə bir qürurverici dövrdə Qarabağ müharibəsində fədakarlıq göstərmiş, əziyyət çəkmiş, lakin müəyyən səbəblərdən həbsə düşmüş Qarabağ döyüşçülərinin, onların ailə üzvlərinin Sizin mərhəmətinizə ehtiyacı var.

 Cəmiyyətdə Qarabağ partizanları adı ilə tanınan dəstənin üzvlərindən Məmməd Məmmədov gənc olub, vətənpərvərlik hissi ilə düşmənə qarşı partizan müharibəsinə başlamaq arzusuna düşüb. Buna görə onun 20 ildir “ömürlük məhbus” həyatı yaşaması haqsızlıqdır. Ömürlük məhbuslardan Əli Quliyev və digərləri 31 ilə yaxındır ki, məhbus həyatı yaşayırlar. Məhbuslardan Şakir Rzaxanov, Hüseynağa Balayev, Səbuhi Məmmədəliyev, Yaşar Pənahpur, İntiqam Qayıbov, Əmir Muradov, Murov Şərifov, Namiq Vəliyev, Natiq Mirzəyev, Vüsal Qurbanov, Samir Saniyev, Elmir Mirəliyev, Azər Əsədov, Elnur Qəhrəmanov, Nizami Ələsgərov, Fuad Orucov, Zaur Həziyev, Arif Quliyev, Elçin Ağayev, Anar Həsənov Sahib oğlu, Anar İsmayılov, Ramiz Qədirov, Namiq Əliyev və digərləri törətdikləri hərəkətlərin xarakterinə uyğun olmayan ağır cəza alıblar. Bu məhbusların xeyli hissəsi 1998-ci ildə güllələnmə cəzasından azad olunaraq məhbəs həyatına keçiriləndə kimlərinsə əli ilə qanunsuz olaraq ömürlük cəzaya keçiriliblər. Halbuki, həmin vaxt mərhum Prezident Heydər Əliyev bildirmişdi ki, mövcud qanunvericiliyə uyğun olaraq onların cəzasını 15 illik həbs cəzası ilə əvəzləmək lazımdır.

 Ermənistanın vaxtaşırı törətdiyi təxribatlara görə hələ də ölkəmizin  müharibə vəziyyətində olduğu bir vaxtda cəmiyyətdə vətəndaş sülhünün, xoş münasibətlərin bərqərar olmasına ciddi ehtiyac vardır. Sizin ömürlük məhbuslarla bağlı humanist addım atmağınız, onları əfv etməyiniz dövlətimizin humanist mahiyyətini bir daha nümayiş etdirər, ümumi işimizə xeyir gətirər. Ona görə də humanistlik göstərib bu istiqamətdə addımlar atmağınızı xahiş edirik.Sizin göztərişinizlə əlaqədar orqanların müvafiq komissiya yaratması və barələrində danışdığımız ömürlük məhbusların işlərini, məhbəs həyatlarını araşdırmaları daha müfəssəl faktların üzə çıxarılmasına və yeni şəraitə uyğun olaraq ədalətli qərarın verilməsinə zəmin yaradar.   Azərbaycan xalqı dəfələrlə Sizin humanizminiz sayəsində məhbəs həyatından nəticə çıxaran və törətdiyi əməldən peşimançılıq hissi keçirərək səhv etdiyini anlayan ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa çıxdıqlarının şahidi olub. Azərbaycan qanunvericiliyi də bu cür humanist addımları dəstəkləyir. Gözüyaşlı anaların, bacıların, ata həsrəti ilə böyümüş övladların, ər qayğısı olmadan məhrumiyyətlər içərisində saçlarını ağartmış qadınların iztirablarına son qoyulmasını Sizdən böyük ümidlərlə gözləyirik. 

 Sizin rəhbərliyinizlə ərazilərimizin düşmən əsarətindən qurtarılması, əldə edilən böyük Zəfərlə  Azərbaycan xalqına böyük sevinc, xoşbəxtlik bəxş etmisiniz, milli qürurumuzun bərpa olunması üçün əvəzsiz xidmət göstərmisiniz. Bu sevinc, xoşbəxtlik hisslərini ömürlük məhbuslarımıza, onların yaxınlarına da yaşatmağınızı Sizdən xahiş edirik. Sizin humanistliyinizi ən yüksək səviyyədə dəyərləndirir və ömürlük məhbusları, onların yaxınlarını tezliklə sevindirəcəyinizə inanırıq. Allah Sizdən razı olsun!

Share