Yol Hərəkəti Təhlükəsizliyinə dair Müstəqil ekspert qrupundan TƏKLİF və QEYDLƏR
15.12.2022( Növbəti hissə)
Azərbaycanda hər il Yol-nəqliyyat hadisələrində çoxsaylı insanlar həyatını itirir və xəsarət alır (YNH-də 1000 nəfər ölən və 2800 yaralanan olur), ailələr də FACİƏLƏRLƏ üzləşirlər. Avtomobillərin sayının durmadan artması, yol hərəkəti intensivliyinin çoxalması “avtomobilləşmənin” neqativ təsirləri də səbəb olur:
- ətraf mühütin çirklənməsi;
- hərəkət edən avtomobillərin səsinin insanların sağlamlığına zərərli təsiri;
- avtomobillərin sürətli hərəkətindən, bina və qurğuların vibrasiya olunması (titrəməsi) onların intensiv dağılması ilə nəticələnir. Avtomobillərin artması ilə yanaşı mexaniki və elektromaqnit maneələr artır, insanların fiziki aktivliyi də azalır.
- Cəmiyyətə daha çox “Yol-nəqliyyat hadisələrinin” verdiyi itkilər mənfi təsir göstərir.
Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, təcrübəsiz sürücülər arasında törədilən qəza hallarının səbəblərindən biri peşə təhsili hazırlığı səviyyəsinin kifayətsizliyi və natamamlığıdır.
Sürücü hazırlığı sisteminin normativ sənədlərində (xüsusilə Nazirlər Kabinetinin 41 N°li Qərarına sonradan əsassız əlavə edilən “müstəqil sözündən”) hüquqi fikir kifayətsizliyi, hüquqi fikir çatışmazlığı və hüquqi fikir boşluğu yaranmışdır. Bu isə sürücü təhsil sisteminə mənfi təsirini göstərməklə, dünya təcrübəsini inkar etmişdir. Bu sahənin digər sənədlərində də hüquqi fikir qismən tamamlanmadığından, hüquqi baza bütövlükdə şərhə ehtiyaclıdır və yeni redaksiyada normativ-hüquqi tənzimləmənin verilməsini zərurətləndirir.
“Yol-hərəkəti qaydaları” sürücülərin beynəlxalq ünsiyyət dili hesab olunduğundan, yol hərəkətinin təşkili texniki vasitələrlə müəyyən olunur və onlar yol nişanları, avtomobil küçə-yollarının asfalt örtüyünün çizgilənməsi, svetofor tənzimləyicilərindən ibarətdirlər.
Hüquqi bazanın tədqiqi göstərir ki, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyası, ona əlavə olunan “1971 -ci il Avropa sazişi” əsasında hazırlanmış sənədlər yol hərəkəti təşkilində, texniki tənzimləmə vasitələrinin tətbiqini reqlamentləşdirən standartlar hesab olunur.
Yol nişanları və svetaforlar hərəkət təhlükəsizliyinin əlifbası hesab olduğundan, onların küçə-yol şəbəkələrində qurulması, bu sahədə mövcud olan çoxsaylı standartların tələblərinə əməl olunması vəziyyəti səyyar laboratoriyalar vasitəsi ilə yerinə yetirilməlidir. Lakin, bu fəaliyyətə də ardıcıllıqla əməl olunmur, buna səbəb müasir laboratoriyaların təşkil olunmamasıdır.
Yol hərəkətinin təşkili məsələlərinin hüquqi tənzimlənməsi sahəsində “Yol hərəkətinin təşkili haqqında” vahid hüquqi normativ aktın mövcud olmaması səbəbindən, qanunvercilik səviyyəsində müstəqil fəaliyyət növü kimi, yol hərəkəti təşkilinin məqsədləri və məzmunu açıqlanmır.
Yol-nəqliyyat hadisələrinin əksəriyyətinin səbəbi, yol hərəkəti iştirakçıları tərəfindən yolverilən inzibati xətalardır. Yol hərəkətinin əsas mənfi xüsusiyyəti “Yol hərəkəti qaydalarının” tələblərinə yol hərəkəti iştirakçıları tərəfindən kütləvi riayət olunmaması amilidir.
Yol nişanlarının vahid elektron reyestr xidməti mövcud olmadığından, buna görə yol nişanları dislokasiyalannın tərtib olunmasında bir sıra həllini gözləyən hüquqi-normativ problemlərin olması da mövcuddur. Bu səbəblərdən yol nişanlarının dislokasiyası və kompleks sxemlərin tərtibi üzrə layihə bürosu da yoxdur.
1968-ci ildə Vyanada, “Yol hərəkəti, yol nişanları və siqnallar haqqında” qəbul olunmuş Konvensiyaya Azəbaycan Respublikası da keçən əsrin 90- ci illərində qoşulmuşdur.
Hazırda, qüvvədə olan 1968-ci il tarixli Vyana Konvensiyasının qaydaları demək olar ki, qismən köhnəlmişdir. Bu qaydalarda giroskuterlər, monotəkərlər, elektrik sankaları yoxdur. Tezliklə yollara pilotsuz avtomobillər çıxacaq, onlar da qaydalarda yoxdur. “Yol hərəkti qaydaları” birmənalı olaraq bütövlüklə yenidən işlənməlidir.

Ölkə səviyyəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi tədbirlərinə rəhbərlik etmək üçün hökümət strukturu daxilində aparıcı qurumun müəyyən edilməsi lazımdır. Aparıcı qurum səhiyyə, nəqliyyat, təhsil və polis qurumları da daxil olmaqla, hökümətin bütün sektorlarında qərar qəbul etmək, mənbələri idarə etmək, birgə hərəkətləri əlaqələndirmək üçün müvafiq hüquq – vəzifələrə malik olmalıdır.
Yaradılması mümkün hesab edilərsə, yeni “Mərkəz” yol hərəkəti təhlükəsizliyi ilə əlaqəli bütün təşkilatları cəlb etmək üçün lazımi addımları atmaq imkanlarına , malik olmalı, yol tikintisi ilə məşğul olan qurumdan asılı olmamalıdır və konkret təşkilati struktura malik olmalıdır.
Araşdırmalara əsasən belə nəticəyə gəlmək olar ki, yol-nəqliyyat hadisələrində insan itkisinin mümkün qarşısının alınması məqsədilə yeni “Mərkəz”in analitik proqnozlaşdırma əsaslı, elmi tətbiqi məzmunlu, laborator fəaliyyət yönümlü olmaqla, kapital qoyuluşu olmadan keçmiş Nəqliyyat Nazirliyinin kifayət qədər olan əmlak bazası və ştat vahidləri hesabına müstəqil qurum kimi Nazirlər Kabineti yanında yaradılması mümkün hesab olunarsa “Yol hərəkəti Təhlükəsizlik Mərkəzi” adlana bilər.
Bu da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “Şəffaflığın artırılması haqqında” Sərəncamının tələblərinə və qabaqcıl dövlətlərin küçə-yol şəbəkələrində asfalt örtüyün üzərində, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdikləri müasir dünya təcrübəsinə müvafiq olardı.
Qeyd olunanlar Azərbaycan Respublikasında Yol Hərəkəti Təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında nəzərdə tutulub, təəssüflər olsun ki, onun icrası bütövlükdə 4 ildir ki, səbəbsiz olaraq ləngidilir.
Müstəqil Ekspert qrupu











