Xətai İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar görüş keçirdi
16.12.2022Hakimiyyet.info.az xəbər verir ki, dekabrın 15-də 265 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayonun prokuroru Sərdar İmanov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev sakinlərə ölkə rəhbərinin 16 noyabr 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında geniş məlumat verərək bildirdi ki, ölkədə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İcra başçısı qeyd etdi ki, hazırda Azərbaycan üçün yeni dövr başlayıb və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır.
Qəbulda sakinlərin arzu və təkliflər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Görüş sakinlər tərəfindən razılıqla qarşılandı. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirərək, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə etdilər.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzeti














