Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda

18.01.2023 Off By Füzuli İsmayılov

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.

Yanvarın 17-də Davosda dövlətimizin başçısı Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.

Söhbət zamanı dövlətimizin başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlandı.

Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirdi və görülən işlərdən danışdı.

Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

Görüşdə, həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti ilə görüşüb
İlham Əliyevin Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini dedi.

Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulandı.

Prezident İlham Əliyev Zəngilan rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla icra olunduğunu qeyd etdi, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğuladı.

Dövlətimizin başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışıldı, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edildi.

Prezident İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri ilə görüşü olub
İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri ilə görüşü olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

Görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə “Fortesque Future Industries” şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirildi. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulandı. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.

Bildirildi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulandı.

Görüşdə ölkəmizin bərpa olunan zəngin enerji potensialına malik olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb
İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

Görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olundu.

“The Goldman Sachs Group Inc.” şirkəti ABŞ-ın mənzil-qərargahı Nyu-Yorkda yerləşən beynəlxalq sərmayə bankı və maliyyə xidmətləri şirkətidir. Yetmişdən çox ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə 21,6 milyard dollar təşkil edib.

İlham Əliyevin Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
İlham Əliyevin Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə – Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verdi.

Prezident İlham Əliyev “Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd etdi, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirdi. Qeyd edildi ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.

“Signify” şirkətinin baş icraçı direktoru diqqətə çatdırdı ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq.

Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verdi. Bildirildi ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonda dövlətimizin başçısı bu layihələrin əhəmiyyətini qeyd etdi və “Signify” şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğuladı.

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

Görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu.

Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirildi.

Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ildə fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulandı.

Kes t`Hart Azərbaycanda “Carlsberg Group” şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Görüşdə Litva Prezidenti Gitanas Nauseda Azərbaycana ötənilki səfərini məmnunluqla xatırladı, səfər əsnasında ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair Prezident İlham Əliyev ilə geniş müzakirələr apardığını qeyd etdi. Prezident Gitanas Nauseda Prezident İlham Əliyevi Litvaya səfərə dəvət etdi.

Səfərə dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı Litva Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğuladı.

Söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini dedi. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirdi.

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirdi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı da fikir mübadiləsi aparıldı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu vurğulandı. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev xanım Maimuna Mohd Şərif ilə Bakıda və Ağdamda Milli Şəhərsalma Forumu zamanı keçirdiyi görüşləri xatırladı.

Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladı və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirdi. O, hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu dedi.

UN-HABITAT-ın icraçı direktoru Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələrinin olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının məqsəd və məramlarını dəstəklədiyini, UN-HABITAT-ın dünya miqyasında çox önəmli və vacib missiya həyata keçirdiyini qeyd edərək, bundan sonra da Azərbaycanın bu təşkilatın fəaliyyətinə dəstək verəcəyini bildirdi.

Maimuna Mohd Şərif Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsinin dünya ölkələri üçün də maraqlı olduğunu qeyd etdi.

Söhbət zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişafı və növbəti Milli Şəhərsalma Forumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Xanım icraçı direktor Azərbaycanın UN-HABITAT-ın alt strukturlarının fəaliyyətində yaxından iştirak etdiyini və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsini də məmnunluqla vurğuladı.

İlham Əliyevin Davosda Latviya Prezidenti ilə görüşü olub
İlham Əliyevin Davosda Latviya Prezidenti ilə görüşü olub

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.

Görüşdə Prezident İlham Əliyev Latviyaya səfərlərini məmnunluqla xatırlatdı və Prezident Egils Levitsi Azərbaycana səfərə dəvət etdi.

Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunuldu. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyi qeyd olundu. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirildi. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirildi, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata keçirilməsində önəmli rolu vurğulandı.

Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olundu. Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd etdi.

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirdi, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğuladı.

Prezident İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü olub
İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü olub

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Share