Müdafiə Nazirliyinin rəhbər heyəti Quru Qoşunlarının hərbi hissələrində olub
19.01.2023Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri “N” saylı hərbi hissədə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi xidmətə yeni çağırılan gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb.
General-polkovnik K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyəsi, qanun və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməsi, həmçinin onların intensiv döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib.
Sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib.
Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb.











