Heydər Əliyev tarixdə təsadüf olunan müdrik şəxsiyyətlərdəndir

Heydər Əliyev tarixdə təsadüf olunan müdrik şəxsiyyətlərdəndir

27.01.2023 Off By Füzuli İsmayılov

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan ümummilli Lider Heydər Əliyev özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təəssübkeşliyi sayəsində Azərbaycan üçün zəruri olan bütün müşküllərin həllini təmin etməyə nail oldu. İlk olaraq ölkənin yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. 

 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin Müqaviləsi” imzalandı. Bununla da Heydər Əliyevin zəkası Azərbaycanın parlaq gələcəyinin qurulması istiqamətində əsaslı dönüş yaradacaq neft strategiyasını müəyyən etdi. Heydər Əliyev prezidentliyi dövründə milli ordu quruculuğunda ciddi dəyişikliklər etdi. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar dərhal Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda  Kommunist Partiyasının sıralarını tərk etdi.  

Ermənilərin havadarı kimi artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»ni dəstəkləyən Qorbaçov ulu öndər Heydər Əliyevin zəkası qarşısında aciz olduğunu sonralar etiraf etmiş, onu təcrübəli siyasətçi adlandırmışdı. Dərin təhlil, konseptual düşünmək, səbəb-nəticə əlaqələrini üzə çıxarmaq qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tarixdə təsadüf olunan müdrik şəxsiyyətlərdən idi. 

Kremldə çalışan, müxtəlif millətləri təmsil edən rəsmi şəxslərin o vaxt SSRİ Nazirlər Sovetinin Birinci müavini kimi ölkə iqtisadiyyatının ən ağır səhələrinə nəzarət edən Heydər Əliyev haqqında söylədikləri yüksək fikirlər Ulu Öndər haqqında yayılan böhtanlardan daha kəsərli və inandırıcı idi.  

Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yüksəlməyi bacarır. 1969-cu ildə — Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə hər cür maneəni dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi.  

Siyasi və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş fenomen şəxsiyyət kimi tanınan Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanı iqtisadi tənəzzüldən xilas edən dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, milli təfəkkürü formalaşdırdı, güclü şəxsiyyət kimi xalqını vahid məfkurə ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Ölkədə siyasi sabitliyi, demokratik islahatları təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Azərbaycançılıq ideyasını milli –mənəvi dəyərlərimizi qoruyub təbliğ etməklə təkmilləşdirdi, Azərbaycanın müasir dünyada mövqeyini və yerini möhkəmləndirdi, . İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhranla üzləşən respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. 

«Düzgün adam həqiqəti hər yerdə deyir, ağıllı adam isə həqiqəti lazım olduğu zamanda söyləyir» müdrik kəlamının hikmətini əməlləri ilə təsdiqləyən, dövlətçilik salnaməmizi müdrikliyi ilə zənginləşdirən Ulu Öndər arzusunda olduğu istəklərini «Əsrin müqaviləsi» kimi qlobal layihəni reallaşdırmaqla həyata keçirdi. 

Bu gün Azərbaycan dünya miqyasında rəğbət olunan, geosiyasi məsələlərlə bağlı mövqeyi böyük güc mərkəzləri tərəfindən nəzərə alınan müstəqil və güclü bir dövlətdir. Azərbaycan hazırda Avropanın enerji resursları ilə təminatında yeganə alternativ mənbə kimi dünya ölkələri üçün çox vacib bir tərəfdaşdır. Ukraynada baş verən hadisələrlə bağlı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu daha da güclənməkdədir. Azərbaycan bütün istiqamətlərdə qaliblər sırasındadır. Bu qələbələrin əsası isə hələ keçən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 

1993-2003-cü illərdə Ulu Öndər planetin nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. 

Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan bütün bu hədəflərə yetişib. 

Ulu Öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan Heydər Əliyev Fondu da bu dahi şəxsiyyətin mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Fond artıq sərhədləri aşıb, dünyanın bir sıra ölkələrində həyata keçirdiyi humanitar layihələrlə məşhurluq qazanıb. Fondun reallaşdırdığı orijinal tədbirlər sayəsində muğamımız və bənzərsiz mədəniyyətimiz yeni inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, Azərbaycanın mənəvi inciləri dünya mədəni irsi siyahısında yer almağa başlayıb.

 Sevda Abdullayeva, 

Bakı şəhəri, Nizami rayonu 32 saylı tam orta məktəbin direktoru 

Share