Türkiyənin milli təhsil naziri ölkəmizdə səfərdədir

Türkiyənin milli təhsil naziri ölkəmizdə səfərdədir

01.02.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Türkiyənin milli təhsil naziri ilə görüş

Yanvarın 30-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşüb.
 
Görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində ötən il həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib.  Cari ildə peşə təhsili müəssisələrinin məzmun və tədris baxımından yenidən qurulması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri fevralın 1-dək davam edəcək.
 Səfər çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, STEAM İnnovasiya Mərkəzi, Bakı Avropa liseyi, Bakı Türk Anadolu liseyi və digər təhsil müəssisələrinə ziyarət də nəzərdə tutulub.


Türkiyənin milli təhsil naziri peşə mərkəzində

Türkiyənin milli təhsil naziri Mahmut Özer ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də ziyarət edib.
Nümayəndə heyətinə mərkəzdə yaradılan inklüziv şərait, dual təhsil modelinin tətbiqi və yeni proqramlar haqqında ətraflı məlumat verilib.
Daha sonra Mahmut Özer Türkiyədə peşə təhsili sahəsi üzrə təlimlərdə iştirak edən müəllimlərlə görüşüb və səmimi söhbət aparıb.


Türkiyənin milli təhsil nazirinin səfəri davam edir

Yanvarın 31-də Türkiyənin milli təhsil naziri Mahmut Özer ölkəmizə səfəri çərçivəsində STEAM İnnovasiya Mərkəzini ziyarət edib. Nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib.  Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. 

Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti eyni gündə Bakı Türk Anadolu liseyi, Azərbaycan Beynəlxalq Maarif Məktəbi, eyni zamanda Bakı Avropa liseyi və Bilim Bakı Mərkəzini ziyarət edib. Türkiyəli nazir sözügedən təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi ilə görüşüb, təhsil ocaqlarındakı mövcud şərait barədə məlumat alıb.


Share