RAMİZ ƏHMƏDOV: AZƏRBAYCANIN İNŞAAT STRATEGİYASI İLLƏRİN SINAĞINDAN ÇIXIB

RAMİZ ƏHMƏDOV: AZƏRBAYCANIN İNŞAAT STRATEGİYASI İLLƏRİN SINAĞINDAN ÇIXIB

03.02.2023 Off By Füzuli İsmayılov

“Bakı İnşaat Sənaye” ASC 2004-cü ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif dəmir məhsulları, fasonlu tökmələr və sair məhsulların hazırlanmasıdır. 


İstehsal olunan qara metal məmulatları müxtəlif çeşid və ölçülərdə yüksək texnoloji yayma üsulu ilə hazırlanır. Müəssisə Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatına” və “Beynəlxalq SGS” sertifikatına layiq görülüb. 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur,” – deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdrikliklə və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illər ölkəmizdə mühüm iqtisadi islahatlar aparılır.

Əminliklə demək olar ki, son illər sənayeləşmənin şaxələndirilməsi ilə bağlı siyasətin daha da gücləndirilməsi ağır sənayenin bazasının möhkəmlənməsinə, böyük sənaye şəbəkəsinin formalaşmasına səbəb olub. Azərbaycan bu sahənin ən qabaqcıl və yeni sahələri üzrə layihələrin icrasına başlayıb, modern innovasiyaların tətbiqini genişləndirib.

Həmin müəssisələrdən biri də müxtəlif çeşidli növlü poladların, yeni texnologiyaların tətbiqi ilə korroziyaya davamlı, dənizdə, quruda, inşaatda, qaz və su boru xətlərində istifadə edilən polad boru və müxtəlif ölçülü profillər istehsal edən “Bakı İnşaat Sənaye” ASC-dir. Paytaxtın Keşlə qəsəbəsində yerləşən müəssisədə 200-dən artıq işçi çalışır. ASC-nin idarə heyətinin sədri Ramiz Əhmədovla söhbətimiz də rəhbərlik etdiyi qurumun fəaliyyəti barədədir. Bir qədər keçmişə nəzər salan Ramiz müəllim bildirdi ki, müəssisə müxtəlif vaxtlarda, bəzi xain məmurların qəzəbinə düçar olsa da, ayaqda durmağı və inkişafa nail olmağı bacardı.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan iqtisadiyyatına zərbələr vurdu. Şirkətimizlə Ramiz Mehdiyev və ya onun adamları arasında münaqişələr başladı. Bu münaqişənin başlanmasının dərin kökləri var. Biz illərlə hüquq müstəvisində mübarizə apardıq ki, hüquqlarımız bərpa olunsun. Gəlin keçmişə qısa nəzər salaq. Rusiya Federasiyasında uğurlu biznes fəaliyyəti ilə məşğul olan Nurəddin və Loğman Zülfüqarlı qardaşları (“Bakı Poladtökmə” ASC və “Bakı Elektroştamp” ASC-nin həmtəsisçiləri idilər– Ş. Ə.) 1990-cı illərin sonlarında o zaman hələ ölkəmizin iqtisadiyyatının çox kövrək olduğu və bütün dünya iqtisadiyyatının böhran keçirdiyi dövrdə bir sahibkar kimi mərhum ulu öndərimiz Heydər Əliyevin xaricdə fəaliyyət göstərən iş adamlarına etdiyi çağırışa cavab olaraq öz vətənimizdə iş qurmaq və xalqımıza, dövlətimizə xeyir verə bilmək məqsədi ilə Rusiya Federasiyasında yaratdıqları hazır bizneslərini yarımçıq buraxaraq Azərbaycana geri döndülər.

2002-ci ildə Ulu öndərimiz sahibkarlarla görüşdə məqsəd Azərbaycanın biznes və istehsal sahələrini yüksəliş nöqtəsinə qaldırmaq, SSRİ dönəmindən qalan, istehsalata yararsız vəziyyətə düşən zavodların fəaliyyətini yenidən bərpa etmək idi. 
 
Həmin zavodları ayağa qaldırmağa, işlətməyə ehtiyac var idi. Mərhum Heydər Əliyev cənabları həmin görüşdə “Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsini, yenidən işlədilməsini və ilkin mərhələdə heç olmasa yüz nəfər işçi çalışdırılmasını iş adamlarına təklif etdi. Nurəddin Zülfüqarlı məsuliyyəti üzərinə götürərək həmin zavodun dirçəldilməsi üçün əlindən gələni edəcəyini mərhum ulu öndərimiz qarşısında söz verdi və vədinə əməl edərək, həmin zavodun özəlləşdirilməsi ilə bağlı keçirilən tenderdə iştirak etdi və qalib gələrək 2002-ci ilin may ayında zavodu özəlləşdirdi. Sahibkarlar külli miqdarda investisiya yatıraraq, qısa müddət ərzində tamamilə yararsız vəziyyətdə olan zavodun yerində yeni müasir üslubda istehsal sahəsi yaratdılar. Zavodun əvvəlki işçiləri öz iş yerlərinə geri qaytarıldı və bütün işçilərin uzun illərdən bəri yığılıb qalan əmək haqları qəpiyinə qədər ödənildi. 500 nəfərdən çox iş yerləri açıldı. Uzun illərdən bəri yığılıb qalan kommunal borcları- işıq, qaz, su borcları tam olaraq ödənildi. Bir sözlə, üzərimizə götürdüyümüz bütün öhdəliklər vaxtından əvvəl və artıqlaması ilə icra olundu. Daha sonra Zülfüqarlı qardaşlarının həmtəsisçiləri olduqları “Birlik” MMC 2003-cü ildə “Bakı Poladtökmə” ASC-nin səhmlərinin satışı ilə bağlı keçirilən açıq tenderdə iştirak edərək qalib gəldi, və beləcə “Bakı Poladtökmə” zavodu da tərəfimizdən özəlləşdirildi. Eyni ilə bu müəssisəyə də milyonlarla ABŞ dolları dəyərində sərmayə yatırıldı və “Bakı Poladtökmə” ASC qısa zaman ərzində dirçəlməyə başladı. 
 
ABŞ-dan, Hindistandan, Türkiyədən, Rusiyadan müasir və çox bahalı avadanlıqlar gətirilərək quraşdırıldı, ərazidə çirkab suların yığılması nəticəsində əmələ gələn göl quruduldu, yeni dəmir yolu xətti və yüksək gərginlikli xətt çəkildi. Bu müəssisə üzrə də götürdüyümüz bütün öhdəliklər vaxtından əvvəl və artıqlaması ilə icra olundu. Bütün işçilərin uzun illərdən bəri yığılıb qalmış əmək haqları, kommunal borclar, işıq, qaz, su borcları tam ödənildi. Müəssisəmiz yüksək keyfiyyətli məhsullar istehsal etməyə başladı. İstehsal olunan məhsulların 70-80 faizi uğurla ixrac edilirdi ki, bunun da nəticəsində ölkəmizə valyuta daxil olurdu. 
2005-ci ilin sonlarında artıq hər iki zavod tam şəkildə quraşdırılıb başa çatdıqdan və rentabelli müəssisələrə çevrildikdən sonra Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını çağıraraq hər iki zavodu təhvil verməyi tələb etdilər. Lakin qardaşlar həmin zavodlara milyonlarla ABŞ dolları investisiya yatırdıqlarını bildirərək zavodları təhvil verməkdən imtina etdilər. Qara günlər də məhz bundan sonra başladı. Bütün bu proseslərin başında Azərbaycan iqtisadiyyatının çökməsini hədəfləyən Ramiz Mehdiyev dayanırdı. 
O zaman Ramiz Mehdiyevin tabeliyində olan və bu əməllərin icrasını həyata keçirən şəxslər Ramiz Mehdiyevin qorxusundan bunu açıq şəkildə deməkdən çəkinsələr də, dolayısı ilə sahibkarlara çatdırdılar ki, məhz bu işlərin arxasında o, yəni Ramiz Mehdiyev durub.  
Artıq yuxarıda bildirdiyim kimi zavodları könüllü şəkildə təhvil verməkdən imtina etdiklərinə görə 2005-ci ilin dekabr ayında qardaşları saxta ittihamlarla həbs etdirdilər və heç bir əsas olmadan dörd ay təcridxanada saxlatdıraraq təzyiqlər altında saxta etibarnamə almaqla, bir gecənin içində bütün hüquqi prosedur normaları aşkar şəkildə pozulmaqla hər iki cəmiyyətin 80 faiz səhmlərini, yəni nəzarət səhm paketini öz adamlarının adına rəsmiləşdirdilər. Bundan sonra həmin gün gecə ilə sahibkarları bəraətverici əsaslarla həbsdən azad etdilər. 
 
Həmin dövrdə mən “Bakı Poladtökmə” ASC-nin icraçı direktoru idim, məni də həbs etmişdilər. Dedilər ki, guya polisə müqavimət göstərmişəm, elə gecə ilə məni zavoddan gəlib apardılar. Bunun ardınca isə total yoxlamalar başlandı. Bütün bu hadisələrlə bağlı biz Ramiz Mehdiyevin özünə də dəfələrlə müraciətlər ünvanladıq, lakin o, müraciətlərimizə heç bir reaksiya bildirmədi və bu işlərlə bağlı sonadək öz susqunluğunu qorudu. Bir məsələni də qeyd edim ki, Zülfüqarlı qardaşları həbs olunandan dərhal sonra yüzlərlə iş adamı Azərbaycanı tərk etdi. 
Zülfqarlı qardaşları bəraət aldıqdan sonra onlara yenidən müraciət olundu ki, gəlib zavodları işlətsinlər və səhmlər yenidən özlərinə qaytarılacaq. Başqa çıxış yolları qalmayan sahibkarlar külli miqdarda investisiya yatıraraq, zavodları yenidən dirçəltməyə başladılar. 2008-2009-cu illərdə Qaradağda Buta qəsəbəsində, səhralıq bir yerdə Qafqazda analoqu olmayan “Xəzər-Boru” zavodu quruldu. Bu zavod spiral borular istehsal edirdi. 
 Biz dəfələrlə şikayətlər etdik, amma onlar yerindəcə boğuldu. Ümidimizi itirmədik, çalışdıq, işlədik – 80-nin 20-ə prinsipi ilə. Belə davam edirdi, amma 2010-cu ilin sonlarından başlayaraq metallurgiya sahəsində fəaliyyət göstərən iş adamlarının, o cümlədən də bizim qara qışımız gəldi. Azərbaycanda Ramiz Mehdiyevin başçılığı altında yeni özbaşınalıqlar start götürdü. “Baku Steel Company” ASC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun silahlı dəstələri “Bakı Poladtökmə” ASC-yə hücum etdilər, hədə-qorxu gəldilər. Tələb edirdilər ki, bu zavodlar təhvil verilsin və qardaşlar Azərbaycanı tərk etsin. Rasim Məmmədov özbaşına hərəkət etmirdi, onu üzərimizə qısqırtmışdılar. Rasim Məmmədov özü də Ramiz Mehdiyevin adamı olduğunu etiraf edirdi. Rasim Məmmədov mənəvi atası Ramiz Mehdiyevə arxalanaraq Zülfüqarlı qardaşlarını Azərbaycandan didərgin saldı, onlara qarşı müxtəlif üsullarla, ailə üzvlərini təhdid etməklə təzyiqlər göstərdi. Beləcə Zülfüqarlı qardaşları məcburiyyət qarşısında Türkiyəyə mühacirət etdilər. Bundan sonra isə Rasim Məmmədov zavodları dağıtmağa başladı, dəyəri 50 milyon ABŞ dolları olan malı- materialları, maşın və texnikaları, müasir tipli avadanlıqları yeyib-dağıtdılar, 1500 nəfərə yaxın işçi işlərini itirdilər. 
2011-ci ildən başlayaraq Zülfüqarlı qardaşları yenidən hüquqi müstəvidə öz haqlarını tələb etməyə başladılar. Amma Azərbaycan məhkəmələri çarəsiz qaldılar, Ramiz Mehdiyevin basqısı altında ədalətsiz qərarlar çıxardılar. Bir sözlə məhkəmələr Ramiz Mehdiyevin qorxusundan haqdan üz çevirdilər.
Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, İqtisadiyyat Nazirliyinə müraciət etdik. Hamısı Ramiz Mehdiyevin qorxusundan bir tədbir görə bilmədi. Mən bir dəfə cənab Prezident İlham Əliyevə videomüraciət etdim, bundan sonra isə Rasim Məmmədov bizi məhkəməyə verdi. 5 milyon təzminat tələb etdi, guya bunların ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmişik. Məhkəmənin qərarı ilə 5 milyon manat təzminat 5 min manata qədər endirildi və 5 min manat bizdən tutularaq Rasim Məmmədova ödənildi. Onlar biz sahibkarlarla Prezident arasında qara bir xətt çəkmişdilər, imkan vermirdilər ki, sahibkarlar dövlət başçısına müraciət ünvanlasın. Biz o zaman bir neçə millət vəkilinin də qəbulunda olduq, amma Ramiz Mehdiyevin adı olduğu yerdə haqqın səsini dandılar, nahaqqa səs verdilər. Ramiz Mehdiyevin və adamlarının əsas məqsədləri o idi ki, Zülfüqarlı qardaşlarının vasitəsilə bütün iş adamlarına gözdağı versinlər. Onlar sübut etmək istəyirdilər ki, Ramiz Mehdiyev olan yerdə müstəqil biznes mümkün deyil
Biz onlarla dəfələrlə görüşüb danışıqlar aparmağa cəhd etmişik. Lakin onlar hər dəfə yalandan bizimlə halallaşacaqlarını desələr də, dedikləri sözün üstündə durmadılar. Baş aldatmaq üçün, hadisələrin unudulması istiqamətində gedişlər edirdilər, bununla həm də özlərinə vaxt qazanırdılar. Bunların məqsədi Azərbaycanda monopoliyanı sürətləndirmək və ölkədə ağalıq iddiasına düşməkdən ibarət idi. Biz mübarizəni davam etdirdik, işçilərimiz son iş yerlərini itirmək istəmirdilər. Xatırladım ki, bundan əvvəl, 2016-cı ildə Azərbaycanda islahatlar ili başlayanda Zülfüqarlı qardaşları yeni investisiyalar yatırdılar. 
Biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanladıq, yalnız bundan sonra rahat fəaliyyət göstərməyimizə şərait yaradıldı. 2017-ci ildə investisiya təşviqi sənədini əldə etdik və cənab Prezident tərəfindən sahibkarlara yaradılan münbit şəraitdən yararlanaraq yenidənqurma işlərinə başladıq. Keyfiyyətli məhsullar istehsal etməyə və həmin məhsulları ixrac etməyə başladıq, 500 nəfərə yaxın yeni iş yerləri yaratdıq, lakin düzgün rəqabət aparmağı bacarmayan Rasim Məmmədov və onun havadarı Ramiz Mehdiyev bizim bu uğurlarımızı da həzm edə bilmədilər və qardaşlara məxsus “Birlik” MMC-nin balansında olan, dəyəri milyonlarla manat təşkil edən universal isti yayma xəttimizi əlimizdən almağa çalışdılar. 
 Qeyd edim ki, adı çəkilən xəttin mühərrikləri və əsas elektron hissələri Türkiyədən alınıb gətirilib. Lakin Rasim Məmmədov qaniçənlik etdi, gözü doymadı və Ramiz Mehdiyevin tapşırığı ilə qeyri-qanuni ekspertiza rəyləri alaraq məhkəmələrə təqdim etdi, məhkəmələrə də təzyiqlər etdirərək ədalətsiz qərarlar çıxartdırdı. 
 İcra məmurları, polislər, yanğınsöndürən maşın, təcili tibbi yardım maşını bura böyük bir həngamə ilə gəldilər. Fəhlələr onların qarşısına çıxdılar, iş yerlərini itirmək istəmirdilər. Ürək ağrısı ilə dəzgahların çıxarılıb aparılmasını izlədik. Bu qurğuları Rasim Məmmədov Yusif adlı bir şəxslə yaratdığı primitiv zavoda daşıtdırdı. Bu azmış kimi, guya əldən çıxmış mənfəət kimi bizə qarşı 60 milyon manat təzminat tələb edən iddia qaldırdılar. Absurd idi, bu, adamı aşağılamaq idi. Biz 60 milyonluq iddia ilə bağlı məhkəməyə müraciət etdik, birinci instansiya məhkəməsi bizim xeyrimizə qərar çıxardı. Lakin Rasim Məmmədov mənəvi atası Ramiz Mehdiyevə zəng etdikdən sonra məhkəmələrə təzyiqlər başladı. Nəhayətdə 60 milyon manatı 3 milyon 300 min manata endirdilər. Buna baxmayaraq cənab Prezident İlham Əliyevin apardığı məhkəmə islahatları özünü büruzə verdi. Ali Məhkəmə həmin təzminatla bağlı absurd qərarları ləğv etdi. 
Demişik və bundan sonra da deyəcəyik – Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə qarşı olan qüvvənin başında dururdu. Ramiz Mehdiyevin Zülfüqarlı qardaşlarına qarşı çirkin işləri Azərbaycanın iş adamlarına qarşı olan münasibətiydi. 
Biz möhtərəm Prezidentə müraciət etdik, dağıdılmış, viran qalmış zavodlarımızın geri qaytarılması üçün bizə yardım edildi. Biz inkişaf edirik, dövlət bizə dəstək verir. Ramiz Mehdiyev və Rasim Məmmədov bir şeyi unutdular ki, haqq nazilər, amma üzülməz. 
Ramiz Əhmədov bildirdi ki, “Bakı İnşaat Sənaye” ASC-nin yaradılmasında məqsəd ölkəmizdə ağır metallurgiya sahəsində müxtəlif ölçüdə şveller, künclük, kvadrat və zolaqlar, boru-profil hazırlanması, ölkə bazarında böyük tələbat olan metal məmulatlarının istehsalı, həmçinin yeni iş yerlərinin açılması ilə gənclərimizin və yüksək ixtisaslı kadrların işlə təmin olunmasıdır. Müəssisədə metal məmulatlarının istehsalı müasir avadanlıqlarla və keyfiyyətli xammaldan istifadə etməklə həyata keçirilir. Bu isə məhsulların uzunömürlülüyünə, kənar təsirlərə qarşı davamlı olmasına imkan verir. Söhbət zamanı Ramiz Əhmədov bildirdi ki, bazar iqtisadiyyatında azad rəqabətə girmək üçün bizim gücümüz və potensialımız kifayət qədərdir. Səhmdar cəmiyyəti xaricə yüksək keyfiyyətli və ucuz mal çıxarmaqla hazırda Gürcüstan bazarında liderlik mövqeyinə malikdir. Həmin bazarda Rusiya, Ukrayna və Ermənistanın analoji məhsulları müəssisəmizin məhsulları ilə rəqabət apara bilmir, daha keyfiyyətli məhsullar ixrac etmək üçün xaricdən müasir avadanlıqlar gətirmək günün tələbidir. İnnovativ texnologiyaların alınması isə yüksək keyfiyyətli və rəqabətə davamlı polad məhsulların istehsalına geniş imkanlar açır. Rusiyadan idxal olunan məhsullardan asılılığının getdikcə azaldığını söyləyən idarə heyətinin sədri müəssisənin məhsullarının qonşu ölkələrə də ixrac edildiyini bildirdi.

O, daxili bazarda da müəssisənin məhsullarının xüsusi çəkisi olduğunu qeyd etdi. Ramiz Əhmədov bildirdi ki, ASC metal tökümünün fasiləsiz aparılması üçün xaricdən, əsas etibarilə Çindən və Türkiyədən qurğu və avadanlıqlar alıb. Çünki Çin və Türkiyə ağır metallurgiya sahəsində dünyada öndə gedən ölkələrdən sayılır. Qurğu və avadanlıqların bir hissəsi sifariş əsasında Türkiyədə hazırlanıb. Metal tullantılarını isə müəssisə fiziki şəxslərdən alır. Xarici avadanlıqların qurulması nəticəsində ərinmiş metaldan fasiləsiz olaraq istənilən ölçüdə standart pəstahlar istehsal edilir.

ASC sədrinin dediyinə görə, sözügedən avadanlıqların rentabelliyi böyükdür: “Tikinti, neft-qaz, müdafiə sənayesi sahəsində neft avadanlığı, yüksək təzyiqli armaturlar istehsal edən fasonlu tökmə sahəsi isə təqribən 5-6 aya fəaliyyət göstərəcək. Türkiyə və Çin şirkətlərinin mütəxəssisləri müəssisəyə gələrək məhsullarımızla tanış olub və fəaliyyətimizi yüksək dəyərləndirib. Daha sonra birgə əməkdaşlıqla bağlı müqavilələr imzalamışıq”.

Bütün quruculuq işlərinin yerli və peşəkar mütəxəssislərin köməyi ilə görüldüyünü diqqətə çatdıran R.Əhmədov onların işindən razı qaldığını da gizlətmədi.

ASC-nin müasir laboratoriyası istənilən metalın tərkibini analiz edərək, onun içərisindəki kimyəvi maddələrin miqdarını göstərir. Buraxılan məhsulların kimyəvi tərkibinə ciddi nəzarət olunur və metalda hansısa maddələr çatışmadığı halda əlavələr edilərək lazım olan tərkib alınır. İsveçrə istehsalı olan laboratoriya avadanlığının qiyməti 125 min dollardır.

İndiki dövrdə tərkibi beynəlxalq standartlara uyğun gəlməyən keyfiyyətsiz məhsulların heç bir şirkət tərəfindən qəbul olunmur. Bu baxımdan ASC-nin həm xarici tərəfdaşları, həm də yerli müəssisələr burada istehsal olunan dəmir məmulatların yüksək keyfiyyətinə əmindir və bu da öz növbəsində mövcud olan işgüzar əlaqələrin daha da möhkəmlənməsini, onların coğrafiyasının genişləndirilməsini şərtləndirir.

Biznes plana görə, “Bakı İnşaat Sənaye” ASC tərəfindən metal məmulatlarının istehsalı sahəsinin yaradılması layihəsi gündəmdədir. Bu çərçivədə neft maşınqayırması sahəsində istifadə olunan siyirtmə və armaturların, o cümlədən müxtəlif texnoloji avadanlıqların və onların hissələrinin, dəmir yolu yükdaşımalarının nəqliyyat hissələrinin, metallurgiya sənayesində prokat valların, su və kanalizasiya qapaqlarının tökmə yolu ilə hazırlanması həyata keçiriləcək.

İnvestisiya layihəsinin ümumi dəyəri 5 milyon 600 min manat təşkil edir ki, bu işlərin 7 il ərzində reallaşdırılması nəzərdə tutulub. Dövlət başçısının daha bir Fərmanına əsasən, investisiyanın həyata keçiriləcəyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müəyyənləşdirilib. Həmin məbləğ 5 milyon manat təşkil edir.

İnvestisiya layihəsi çərçivəsində ASC tərəfindən fasiləsiz pəstah tökmə sahəsi yaradılacaq ki, onun da illik əritmə gücü 60 min tona çatacaq. Eyni zamanda, metal məmulatları istehsalı sahəsinin yaradılması layihəsi çərçivəsində 170 işçinin çalışması nəzərdə tutulur.

Bir sözlə, yeni investisiya layihəsi iş yerlərinin yaradılmasında və məşğulluğun artırılmasında “Bakı İnşaat Sənaye” ASC-nin ölkə iqtisadiyyatına verəcəyi mühüm töhfələrdən biridir.

Söhbət zamanı müəssisə rəhbəri qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə ölkəmizin bütün bölgələrində müasir məktəblər, digər obyektlər tikilir. Sözügedən binaların, müxtəlif təyinatlı obyektlərin tikintisində “Bakı İnşaat Sənaye” ASC-nin də istehsalı olan dəmir profillərdən, şvellerlərdən və digər məmulatlardan istifadə olunur.

Müəssisədə işçilər üçün müasir yeməkxana da fəaliyyət göstərir. Nahar fasiləsində əməkdaşlar hər gün pulsuz olaraq müxtəlif çeşidli təzə yemək, meyvə və tərəvəzlərlə təmin olunurlar. ASC rəhbərliyinin “İşçilər yaxşı qidalanmaqla yanaşı, gözəl də istirahət etməlidirlər” devizi burada çalışan hər bir insanı daha yaxşı işləməyə sövq edir.

ASC-nin idarə heyətinin sədri sonda vurğuladı ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların xeyli liberallaşdırılması, ölkədə bəzi məhsullara ixrac rüsumlarının ləğv edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması bu dəstəyin bariz nümunəsidir.

Şəfi Əhmədov,

“HAKİMİYYƏT” qəzeti

Share