İqtisadi inkişafın Heydər Əliyev modeli
10.02.2023SSRİ-nin süqutu onun ərazisində, eyni zamanda, 15 müstəqil dövlətin yaranmasına və vahid iqtisadi məkanın parçalanmasına səbəb oldu. Sovet dövründə onlar arasında formalaşmış ticarət-iqtisadi əlaqələrin qırılması, keçmiş SSRİ ərazisində uzun müddət rubl məkanının saxlanması, sonralar müstəqil respublikalarda milli valyutanın tətbiqi, iqtisadi və hüquqi maneələrin həllinin dəf edilməsinin uzanması müstəqil dövlətlər arasında bank əməliyyatlarını və bütünlükdə iqtisadiyyatı iflic vəziyyətinə saldı. Istehsal amillərindən istifadənin səviyyəsi sürətlə aşağı düşdü, kütləvi işsizlik baş verdi. Bununla yanaşı, Dağlıq Qarabağ problemi fonunda hakimiyyətsizlik, hakimiyyət uğrunda mübarizələr, silahlı qruplaşmalar və qarşıdurmalar müstəqilliyini yenicə elan etmiş Azərbaycanın siyasi mənzərəsini xarakterizə edirdi. Çox mürəkkəb və çətin, qeyri-sabit siyasi şəraitdə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai -siyasi sabitlik bərpa olundu. Bəzi respublikalardan fərqli olaraq (Pribaltika respublikaları, Özbəkistan, Belarus), Azərbaycanda o dövrün tələbinə uyğun olaraq, eyni zamanda, həm siyasi sistemin, həm də iqtisadiyyatın idarə edilməsinin demokratikləşdirilməsi prosesi həyata keçirildi. Belə bir şəraitdə düzgün olaraq iqtisadi inkişaf modelinin əsas istiqaməti inflyasiya ilə ciddi mübarizə aparılması, milli valyuta kursunun sabitləşdirilməsi və iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi oldu. Yaradıcısı Heydər Əliyev olan neft strategiyası formalaşdırıldı. Burada qeyd etmək lazımdır ki, dünyada Amerika, İsveç, Almaniya, Yaponiya və Cənubi Koreya modelləri ən çox öyrənilən və istifadə edilən modellərdir. İqtisadi inkişaf modellərini fərqləndirən əsas xüsusiyyətlərdən biri iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirak səviyyəsi olduğuna görə ümummilli lider Heydər Əliyevin bir kəlamını diqqətə çatdırmaq istərdim. O demişdir: “Biz iqtisadiyyatı vergilər vasitəsi ilə idarə edirik”. Bu kəlam o dövrdə Azərbaycanda dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirakını müəyyənləşdirən konsepsiya olmuşdur. Beləliklə, iqtisadi inkişafın Heydər Əliyev modeli formalaşdırılmış oldu.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindəki çıxışında ulu öndər Heydər Əliyev demişdir: “Bazar iqtisadiyyatına keçid uzun prosesdir…. Yalnız bu prosesi ardıcıl surətdə həyata keçirərək Azərbaycanın iqtisadiyyatını daha çox inkişaf etdirə və xalqımızın rifah halını daha da yaxşılaşdıra bilərik…. Eyni zamanda, bu, nəzəriyyə ilə bağlıdır, dünya təcrübəsi ilə bağlıdır. Dünya təcrübəsini siz – bizim mütəxəssislər, alimlər, bu sahənin müvafiq işçiləri toplamalısınız. Nəzəriyyəni – yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur – ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir… İqtisadçılar gərək apardığımız islahatların hər birinin həm həyata keçirilmə prosesini, həm də nəticələrini təhlil etsinlər…”
Ulu öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılmasını reallaşdırırdı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı məqsədilə kompleks tədbirlər görüldü… Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişafını müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını göstərdi…
Onu da unutmaq olmaz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə – sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını ağır böhran vəziyyətində qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə belə bir haqlı sual doğurur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoymuş, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.
Onun siyasəti nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etmiş və burada o bizim üçün çox faydalı bir irs qoymuşdur. Belə sahələrdən biri də məhsulun, işin keyfiyyətinin yüksəldilməsi uğrunda gördüyü tədbirlərdir. Məlumdur ki, məhsulun keyfiyyəti ilə dövlət büdcəsinin gəlirləri arasında sıx əlaqə var. Məhsulun keyfiyyətinin yüksəlməsi maya dəyərini aşağı salır, məhsulun satış və əhalinin tələbatını ödəmək imkanını genişləndirir, rəqabət qabiliyyətini artırır. Nəticə etibarı ilə mənfəəti və dövlət büdcəsinin gəlirlərini artırır. Buna görə də məhsulun keyfiyyətinin yüksəldilməsi məsələsi həmişə aktual olmuşdur və Azərbaycan şəraitində xüsusilə aktualdır. İndi Azərbaycan sürətlə dünyaya inteqrasiya olunur, Ümumdünya Ticarət təşkilatları, qeyri-neft sektorunun sürətlə inkişafı daha çox rəqabət qabiliyyətli məhsul istehsal və ixrac etməyə çalışır. Belə şəraitdə məhsulun keyfiyyətinin yüksəlməsinin və bu sahədə Heydər Əliyevin o zamankı təcrübəsinin öyrənilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi özlüyündə aydındır.
Hamımıza yaxşı bəllidir ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi təyin edildiyi vaxt respublikamızın iqtisadiyyatı durğunluq vəziyyətində idi. İstər istehsalın artım sürətinə, istərsə də keyfiyyət və səmərəlilik göstəricilərinə görə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında sonuncu yeri tuturdu.
Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin 90 faizinin İttifaq əhəmiyyətli olmasına baxmayaraq, onların buraxdığı məhsulun keyfiyyəti çox aşağı idi. Məhsulun bir faizindən azı keyfiyyət nişanı almışdı və bu göstəriciyə görə Azərbaycan müttəfiq respublikalar arasında axırıncı yeri tuturdu. İttifaq bazarında özünə layiqli yer tapmayan bu məhsullar qiymətdən düşür, müəssisələrin mənfəəti azalırdı. Bu isə öz növbəsində Azərbaycan iqtisadiyyatının səmərəliliyini, xüsusilə, o zaman dövlət büdcəsinin gəlirlərində əsas yer tutan mənfəət vergisinin miqdarını kəskin surətdə aşağı salırdı.
Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə respublikada yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil olundu, geriliyin səbəbləri müəyyən olundu, onları aradan qaldırmaq və irəliyə doğru inkişafı təmin etməyin proqramı hazırlandı. Burada texniki tərrəqi, istehsalın səmərəliliyini və məhsulun keyfiyyətini yüksəltmək ön plana çəkilmişdi. Hələ 1974-cü ilin dekabr ayında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nin plenumu çağırıldı. Plenum məhsulun keyfiyyətini müzakirə edərək bu sahədə ictimai təşkilatların, müxtəlif müəssisələrin fəaliyyət proqramlarını müəyyən etmişdir.
Heydər Əliyev 1976-cı ildə Azərbaycan iqtisadiyyatında yaranmış problemlər və onların həlli yolları ilə əlaqədar Sov.İKP MK-ya təkliflərlə müraciət etdi. “1976-1980-ci illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin ayrı-ayrı sahələrinin inkişafı haqqında Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi baradə” Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi tədbirləri müzakirə olunan 1976-cı il oktyabr plenumunda məhsulun keyfiyyətinin yüksəlməsi məsələsini bütün kəskinliyi ilə qarşıya qoydu. Heydər Əliyev bütün elmi ictimaiyyətin, müəssisələrin, partiya və sovet orqanlarının diqqətini keyfiyyətin və səmərəliliyin yüksəlməsi probleminin həllinə cəlb etmiş, yeni texnikanın, texnologiyaların, Azərbaycan Elmlər Akademiyasında aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin istehsalata tətbiqini vacib vəzifə kimi qarşıya qoymuşdu.
O özünə məxsus qətiyyətlə qeyd etmişdir ki, bir müəssisə, baş idarə və nazirlik əslində texniki tərəqqinin mübariz qərargahına çevrilməli, istehsalın texniki səviyyəsi və məhsulun keyfiyyəti üçün tam məsuliyyət daşımalıdır. Heydər Əliyevin böyük təşkilatçılıq işi, tələbkarlığı və qayğısı tezliklə özünün bəhrələrini verməyə başladı. Belə bir faktı göstərmək kifayətdir ki, 1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581 adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat nümunələri yaradılmış, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi yaradılmışdır. Bunun da çox böyük bir hissəsi Abşerondan kənar iqtisadi rayonların, xüsusən də Gəncə, Naxçıvan, Mingəçevir, Xankəndi, Əli Bayramlı (indiki Şirvan) və digər şəhərlərin payına düşürdü.
Heydər Əliyev Azərbaycan ali məktəbləri ilə yanaşı, SSRİ-nin qabaqcıl ali məktəblərində azərbaycanlıların ali təhsil almağa göndərilməsinə xüsusi qayğı göstərirdi. 1969-cu ildə SSRİ-nin ali məktəblərində cəmi 47 nəfər azərbaycanlı ali təhsil alırdı və bunun da çox hissəsi başqa millətlərin nümayəndələri idi. 1981-ci ildə SSRİ-nin qabaqcıl ali məktəblərində 3600 nəfərdən çox azərbaycanlı 244 ixtisas üzrə ali təhsil almışdı. 1970-1985-ci illərdə belə tələbələrin ümumi sayı 15 min nəfərdən çox olmuşdur. Bunların əksəriyyəti Azərbaycana qayıdıb xalq təsərrüfatında müvəffəqiyyətlə çalışırdı.
Bütün bunlar respublikada istehsal olunan məhsulların, o cümlədən xırda və orta şəhərlərdə istehsal olunan sənaye məhsullarının keyfiyyətini əvvəlki dövrlərdə olduğuna nisbətən müqayisə olunmaz dərəcədə yüksəldirdi. Keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci ildə 2,2 faiz olduğu halda bu göstərici 1980-cı ildə 30,3 faiz, 1985-ci ildə 46,9 faiz olmuşdur. Keyfiyyət nişanlı məhsulların xüsusi çəkisinə görə Azərbaycan SSRİ-nin orta göstəricisindən (müvafiq olaraq 29,8 və 44,7 faiz) və müttəfiq respublikaların əksəriyyətinin göstəricilərindən xeyli irəli keçmişdi. Ən başlıca cəhət ondan ibarətdir ki, Azərbaycanın bir çox şəhərlərində keyfiyyət nişanlı məhsulların xüsusi çəkisi daha sürətlə artırdı. Məsələn, 1986-cı ildə keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi respublikamızda 43,8 faiz, Bakı şəhərində 46,9 faiz olduğu halda, bu göstərici Naxçıvan MR-də 56,8 faiz, Gəncə şəhərində 86,9 faiz, Mingəçevirdə 59,2 faiz idi. Bütün bunlar həm qeyri-neft sektorunda istehsalın səmərəliliyinin, həm də bunun hesabına dövlət büdcəsinin gəlirlərinin artmasını ifadə edirdi.
Beləliklə, hələ 70-80-ci illərdə Heydər Əliyevin çoxcəhətli təşkilatçılıq fəaliyyəti bütün başqa sahələrdə olduğu kimi, məhsulun keyfiyyətini yüksəltmək sahəsində də özünün böyük bəhrələrini verdi. Bizə elə gəlir ki, Heydər Əliyevin məhsulun texniki səviyyəsini və keyfiyyətini yüksəltmək haqqında bu geniş fəaliyyətinin öyrənilməsi qeyri -neft sektorunu sürətlə inkişaf etdirib ixrac yönümlü rəqabət qabiliyyətli məhsul istehsalını artırmaq istədiyimiz hazırkı vaxtda xüsusi aktuallıq kəsb edir.
2003-cü ildən Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başladı. 2003-2005-ci illərdə ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü “tarazlı iqtisadi inkişaf”, “idxalı əvəz edən iqtisadi siyasət”, “neftdən və neftin qiymətindən asılı olmayan iqtisadiyyat”, “insanların iqtisadi cəhətdən azad olması”, “xarici amillərdən asılılığın azaldılması” konsepsiyaları Azərbaycanın iqtisadi inkişaf modelində müəyyən prinsipial dəyişikliklərin aparılmasını zəruri etmişdir.
Siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində, ümummilli lider müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün möhtərəm prezidentimizin apardığı xarici və daxili siyasət Heydər Əliyev ideyalarının həyata keçirilməsində ən etibarlı, nümunəvi taktik yoldur. Məhz bu amildən dünya Azərbaycanlıları dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirırlər. Elə bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuza görə də türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə və davamçısı İlham Əliyevə borcluyuq.
Fərmayıl Vəliyev,
Abşeron Su Kanal İdarəsinin rəisi











