Yol hərəkəti təhlükəsizliyi sayəsində müvafiq orqanlar ölkə rəhbərinin tapşırıqlarına əməl edirlərmi?
17.02.2023Ümumdünya Səhiyyə Təşkilatınının məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Yol-nəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə orta hesabla 500 milyard ABŞ dolları zərər vurur.
2013–2017-ci illər ərzində Azərbaycanda 11600 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Hadisələrdə ölənlərin sayı 4691 nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11611 nəfər olub. Yetkinlik yaşına çatmayan 399 nəfər həyatını itirmiş, 1219 nəfərin isə sağlamlığına ağır və ya az ağır zərər vurulmuşdur. Son beş ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 40,0 faizini piyadaların iştirakı ilə baş verən hadisələr təşkil etmişdir. Ümumilikdə 2013–2017-ci illərdə yol-nəqliyyat hadisələri nəticəsində ölən və sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin sayı 16302 nəfər olmuşdur.(Bu yalnız qeydə alınanlardır. Rəqəmlərin dəqiqliyini təsdiq etmək fikrimizcə şübhəlidir-red.)
2013–2017-ci illər ərzində Azərbaycan Respublikasında yol-nəqliyyat hadisələrində ölənlərin 68,6 faizini, sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin isə 68,7 faizini əhalinin 25–64 yaş arasında olan hissəsi təşkil edir ki, bu da bilavasitə aktiv əmək yaşında olan insanlar deməkdir. Sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin 16,4 faizini, ölənlərin isə 12,3 faizini 18–24 yaş arasında olan şəxslər təşkil etmişdir.
Yol hərəkəti təhlükəsizliyinin səviyyəsi “insan – nəqliyyat vasitəsi – yol” sisteminin optimallığından asılıdır. Azərbaycan Respublikasında baş vermiş yol-nəqliyyat hadisələrinin böyük hissəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülərin pozması ilə bağlıdır. Bu hal sürücü hazırlığı prosesinin təkmilləşdirilməsini zəruri edir.
1968-ci ildə Vyanada, “Yol hərəkəti, yol nişanları və siqnallar” haqqında qəbul olunmuş Konvesiyaya Azərbaycan Respublikası da ötən əsrin 90-cı illərində qoşulmuşdur. Hazırda qüvvədə olan 1968-ci il tarixli Vyana Konvesiyasının qaydaları(əlavə və dəyişikliklərlə) demək olar ki, köhnəlmişdir. Bu qaydalarda giroskuterlər, monotəkərlər, elektrik sankaları yoxdur. Tezliklə yollara pilotsuz avtomobillər cıxacaq, onlar da qaydalarda yoxdur. “Yol hərəkəti qaydaları” birmənalı olaraq bütövlükdə yenidən işlənməlidir.

Bəs ölkəmizdə Yol hərəkəti təhlükəsizliyi sayəsində müvafiq orqanlar ölkə rəhbərinin qarşıya qoyduğu prinsip və tələblərə əməl edirlərmi? Edirlərsə, bəs artan qəzalar, ölüm sayları? Demək, hardasa bu sistemin bütövlükdə yenilənməsi, müasirləşməsi vacibdir. Gənc nəslin beynəlxalq qanunları mükəmməl mənimsəyib yenilənməsi istiqamətində müvafiq orqanlar hələ yuxulamır ki?
Füzuli Əfqanoğlu,
Yol Hərəkətinin Təhlükəsizliyi Müstəqil Ekspert Qrupunun üzvü











