Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü

03.03.2023 Off By Füzuli İsmayılov

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Prezident İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib

İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlətimizin başçısını təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib.

Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə etdi, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini dedi.

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirildi, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olundu.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib

İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.

Dövlətimizin başçısı öz növbəsində Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə Tsaba Körösiyə təşəkkürünü bildirdi, BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı xüsusi sessiyasının keçirildiyini xatırladı.

Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra – 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlətimizin başçısı hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğuladı, BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxundu.

Görüşdə qlobal iqlim dəyişikliyi, su problemi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Əlcəzairin Baş naziri ilə görüşüb

İlham Əliyev Əlcəzairin Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşüb.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı. Dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırdı.

Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Baş nazir Ayman Benabderrahman da öz növbəsində Əlcəzair müstəqillik qazanandan sonra azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğuladı.

Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb

İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

Dövlətimizin başçısı Məhəmməd Yunis Əl-Mənfiyə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakına görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd etdi.

Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis Əl-Mənfi dedi ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.

Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin davam etdirilməsinin vacibliyi bildirildi, bu xüsusda qarşılıqlı sərmayələr, tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olundu. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEK+ formatında əməkdaşlıq məsələsinin əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb

İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd etdi. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğuladı.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu dedi.

Dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Share