Azərbaycanın inkişaf strategiyası durmadan irəliləyir

Azərbaycanın inkişaf strategiyası durmadan irəliləyir

10.03.2023 Off By Füzuli İsmayılov

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.

İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında əlaqələr qırıldı və çətin bir mühit meydana gəldi

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.

Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi. Həmin kəmərlərin işə düşməsi Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verdi. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrildi. Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, dünya enerji təchizatında xüsusi çəkisi artdı

Gəlirlərin toplanması və səmərəli idarə edilməsi də mühüm əhəmiyyətə malik idi. Hasilatın pay bölgüsü sazişlərinin xarici şirkətlərlə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə çatdırılması neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Eyni zamanda xarici investorlar üçün yaradılmış əlverişli şərait beynəlxalq standartların və şəffaf idarəetmə üsullarının tətbiqinin əsasını təşkil etmişdir. Dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı.

Azərbaycanda mövcud olan iqtisadi və sosial problemlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdikləri sosial-məişət çətinlikləri və sərbəst maliyyə resurslarının məhdudluğu ölkədə investisiyalara böyük tələb yaratmışdır. Bununla əlaqədar olaraq, Azərbaycanda Neft Fondu yaradılarkən neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə yanaşı, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmiş və bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib.

Qeyri-neft sektorunu inkişaf etdirərkən daha çox əməktutumlu sahələrin, xüsusilə sənaye müəssisələrinin açılmasının və bu sahəyə investisiya qoyuluşunun təşviqi ölkədə məşğulluğun və eyni zamanda qeyri-neft sektorundan vergi daxilolmalarının artırılmasına da xidmət edəcəkdir.

Qeyri-neft sektorunda artıma müasir bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq sahibkarlığın və özəl sektorun inkişafını stimullaşdıran əlverişli şəraitin yaradılması və digər tərəfdən ölkənin kommunikasiya və infrastruktur sistemlərinin modernləşdirilməsi və müasir tələblərə çatdırılması yolu ilə nail olunur. Həmin sahədə əldə olunmuş nailiyyətlər göstərir ki, bu siyasət tam şəkildə özünü doğruldur.

Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

ELBRUS SADIQOV,

İŞ ADAMI

Share