“Təmiz kənd”in təmizürəkli ərazi nümayəndəsi

“Təmiz kənd”in təmizürəkli ərazi nümayəndəsi

16.03.2023 Off By Füzuli İsmayılov

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov martın 16-da rayonun Bədəlan ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Doğma Bədəlanımız  işıqlı gənclərimizdən olan Mətanət Paşayevanın icra nümayəndəsi olduğu kənddir həm də. Mətanət Paşayevanın 32 yaşı var,  Lənkəran Humanitar Kollecini bitirəndən sonra ixtisasına uyğun müəllim kimi fəaliyyətə başlayıb,sonra ali təhsil almaq üçün Qərbi Kaspi Universitetinə daxil olub. O, 2019-cu ildə bələdiyyə seçkilərində Bədəlan kənd bələdiyyəsinin sədri seçilib.İşgüzar, bacarıqlı bələdiyyə sədri kimi rayon rəhbərliyinin diqqətini cəlb etmişdir. Bu hal onun icra nümayəndəsi kimi məsul bir posta gəlməsinə vəsilə oldu. Qısa müddət ərzində ərazidə müsbət dəyişikliklər baş verdi. Mətanət Paşayevanın da dediyi kimi, doğma Bədəlanımızın “Təmiz kənd” olması üçün qollarımızı çırmalayıb işə başlamışıq. Eyni zamanda, illərlə diqqətdən kənarda qalan kənd tibb məntəqəsini əsaslı təmir etdirib, müasir tibb avadanlıqları ilə təchiz etməyə nail olmaq üçün yollar axtarırdı Mətanət xanım. Bu iş üçün qəriblikdə yaşayan, ürəyi Vətən eşqi ilə döyünən eloğlularımızdan kömək istədi. Vaxtilə ” Xeyirxah əllər” adlı ictimai birlik yaradan bu gənc, xeyirxah xanımın təşəbbüsünə biganə qalmaq olardımı?! Əsla! Mətanət xanımın səsinə səs verdi xeyriyyəçi həmyerlilərimiz! Xeyirxahlıq savabdır! Allah ürəyinizə görə versin!
Və bu gün doğma Bədəlan kəndində mühüm hadisə baş verdi: həkim məntəqəsi əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verildi. Bax, bayram ərəfəsində bayram hədiyyəsi buna deyirlər! Kənd sakinləri ilə yanaşı ən çox sevinən Mətanət xanım idi. Təşəbbüskarı olub həyata keçirdiyi hələ qabaqda olan gözəl işlərin başlanğıcıdır!

Məhbubə Şahbazova,
Masallı rayonu, Bədəlan kəndi.

Share