Prezident İlham Əliyev Qarabağda görülən işlər barədə: Bu, nadir və misligörünməmiş bir yenidənqurma modelidir

Prezident İlham Əliyev Qarabağda görülən işlər barədə: Bu, nadir və misligörünməmiş bir yenidənqurma modelidir

18.03.2023 Off By Füzuli İsmayılov

Qarabağın bərpası milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.

2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.

2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq.

Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir.

Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq.

Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib”.

Share