31 mart soyqırımı ilə bağlı MXP-nin bəyanatı
31.03.2023Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımdan 105 il ötür. 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın o, cümlədən coxlu sayda qoca, qadın və uşaqların qətli ilə nəticələnib. Bakı əhalisinin 400 mln. manatdan cox əmlakı müsadirə olunub, Bakının “Təzə Pir” məscidi artileriya atəşinə tutulub, dünya arxitekturasının incilərindən hesab olunan “İsmailiyyə” binası yandırılıb.
31 martda Şamaxı şəhəri və 53 kəndində qırgınlar törədilməklə 2560 qadın, 1277 uşaq olmaqla 8027 azərbaycanlı qətlə yetirilib. Quba şəhəri və 162 kəndi daxil olmaqla 16 min günahsız insan qətlə yetirilib. Lənkəran, Muğan və Qarabağda vəhşicəsinə kütləvi qırğınlar törədilib.
20-ci əsrin əvvəlində başlamış erməni vəhşiliyi əsrin sonunadək və 21-ci əsrin əvvələrində də davam etdirilir. 1948 və 1988-ci illərdə həyata keçirilmiş sürgün siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarında yaşayan bütün türk-müsəlman əhali öz ata-baba yurdundan qovuldu. Azərbaycan xalqına qarşı sistemli nifrət ruhunda böyümüş “sovet erməniləri” yaranmış xaotik vəziyyətdən istifadə edərək, xaricdəki havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırım və kütləvi qırğın hərəkətlərini davam etdirdilər. Birinci Qarabağ müharibəsi zamanı baş vermiş Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel hadisələri göstərdi ki, ötən müddətdə erməni baxışında Azərbaycan xalqına qarşı dəyişiklik olmayıb.
20-ci əsrin əvvəlində olduğu kimi, dinc azərbaycanlılar uşaq, qadın, qoca demədən fiziki olaraq məhv edilir, etnik təmizləmə həyata keçirilirdi. Nəticədə 12 min kv.km-dan çox Azərbaycan torpaqları erməni faşistlərinin nəzarətinə keçdi və bu tarixi Azərbaycan torpaqlarında bir nəfər belə azərbaycanlı qalmadı. Bununla da kifayətlənməyən ermənilər işğalın davam etdiyi 30 il ərzində Qarabağ və ətraf rayonlardan Azərbaycan izini silməyə çalışdılar.
II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi, cəbhədə və siyasətdə Azərbaycan güclüdür. Amma bu qələbə düşməni dəyişdirməyib. Erməni faşizmi 100 il əvvəlki kimi qəddar, amansız və qisasçıdır, fürsət gözləyir.
Demokratiyanın inkişaf etdiyi ölkələr yenə öz ədalətsiz ikili siyasətini davam etdirir, azərbaycanlıların soy qırımına heç bir reaksiya verilmir, real faktlarla təqdim olunan Xocalı soyqrımına, Qubada aşkar olunmuş məzarlıqlara siyasi dəstək nümayiş etdirilmir. Erməninin çirkli oyunlarına, yalan informasiyalarına və çirkli biznesinə meylli olan inkişaf etmiş demokratiya türkün ədalətini qəbul edə bilmir, erməni yalanlarını dəstəkləməkdə və müdafiə etməkdə davam edir.
Müstəqil Xalq Partiyasının siyasi bürosu











