Ekoloji terrora ” Yox ! ” deyirik!
06.04.202327 sentyabr 2020-ci il tarixdə Müzəffər ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin “hücum “ əmrinə 30 il düşmən tapdağına çevrilmiş Qarabağ zəncirlərini amansızcasına qırmaqla cavab verdi. Vətən uğrunda qurban gedənlərin bir qətrəsinin yerdə qalmayacağı qisas günü yetişmişdi. Azərbaycan ordusu hələ 2016-cı ilin Aprel döyüşlərində nəyə qadir olduğunu göstərmişdi. Lakin düşmənin qan tutmuş gözləri bunu görmək istəmirdi. 30 ildən sonra düşmən artıq “ böyük Ermənistan “ xülyaları ilə yaşadığı vaxt Müzəffər ordumuz qartal qanadlarını gərib onun başının üstünü aldı.
Doğma Azərbaycanımızın 44 günlük Vətən müharibəsində qazandığı şanlı tarixi Qələbəsinin hər birimiz şahidləriyik. Müzəffər ordumuz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni tarixini yazdı.Azərbaycan gəncləri Vətən Müharibəsində böyük qəhrəmanlıq nümunəsi nümayiş etdilər.Vətənpərvərlik ruhunda,dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan təmizlədilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan , amma əslən o torpaqlardan olan gənclər əzəli torpaqlarının hər qarışı uğrunda aslan kimi vuruşdular. Bütün Azərbaycan xalqı , bütün Azərbaycan gəncləri cənab Prezidentin ətrafında bir yumruq kimi sıx birləşərək düşməni məğlub edib, torpaqlarımızı düşməndən azad etdilər, Ali Baş Komandana öz dəstəklərini ifadə etdilər. Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə – informasiya müharibəsində də düşmənin layiqli cavabını verdilər. Gənclərimizin doğma vətənimizin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa edilməsində, daima ön cərgələrdə olmaları və bu yolda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmələri ilə bütün Azərbaycan xalqı fəxr edir. Qürurverici haldır ki, Azərbaycan ordusu sıralarında vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyəti gənclərdən ibarət idi. 2020-ci ilin 27 sentyabr tarixində başlanan əks-hücum əməliyyatlarında iştirak edən gənclərimiz, həmin tarixdən bu günə kimi illər ərzində işğal altında qalan torpaqlarımızın böyük hissəsini işğalçılardan azad etdilər. İndi həmin torpaqlarda – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında, Hadrut, Ağbənd qəsəbələrində, Suqovuşanda və noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə elan etdiyi “Qarabağın mirvarisi” Şuşa şəhərində Azərbaycan bayrağı dalğalanır. Bu böyük tarixi qələbədə gənclərimiz əsl şücaət və qəhrəmanlıq nümayiş etdirdilər. Gənclərimizin vətənpərvərlik əzmi möhtəşəm idi. Dövlət başçısı öz çıxışlarında ordumuzun uğurlarını yüksək qiymətləndirərək bildirmişdir: “Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!” Doğrudan da, hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı, şücaəti hər bir azərbaycanlı üçün, gənc nəsil üçün örnək olmalıdır. Bu gün respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər formalaşıb. Azərbaycan gənclərinin dövlətimizin ictimai-siyasi həyatında rolu hər gün artmaqdadır və hazırda respublikada mövcud olan gənclər təşkilatları dövlətin yaratdığı şərait sayəsində fəaliyyət göstərir. Məhz dövlət başçısının gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlətin bu qayğısını həmişə hiss edərək öz nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Qarabağ həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara çatdırılması üçün bütün imkanlardan istifadə edən Azərbaycan gəncləri düşmənə adekvat cavab verdilər. Nəticədə gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi.
Azərbaycan gəncliyi bu gün də meydandadır. Haqq-ədalət uğrunda gedən müharibə günlərində informasiya müharibəsində fəal olduğu kimi, indi də haqq səsini bütün dünyaya duyurmaq üçün ekoloji terrora qarşı aksiyaya qoşulublar. Ekoloji terror hər hansı bir ölkə və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyandır. Ermənistan işğalçı dövlət olmaqla yanaşı , həm də , ekoloji terrorçu bir dövlət kimi yalnız Cənubi Qafqaz regionunda deyil, bütün bəşəriyyət üçün təhlükəlidir. Düşmən tərəfindən döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi, mühəndis-istehkam qurğularının inşası, şəxsi heyətin və texnikanın manevr etməsi məqsədilə əlaqələndirici yolların çəkilişi, torpaq qazıntı işlərinin aparılması zamanı ağac və kolların qırılması, otlaq sahələrinin yandırılması və s. nəticəsində flora və faunaya ciddi ziyan dəyib. Həmin ərazilərdə düşmən ordusu tərəfindən görülən işlər Azərbaycan təbiətinin məhvinə səbəb olan ekoloji terror aktı kimi qiymətləndirilməlidir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının , xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Şuşa şəhərində -Laçın –Xankəndi yolunda 12 dekabr 2022-ci il tarixdən başlayan aksiyası bu gün də davam edir. Gənclər 115 gündür ki, qışın soyuğuna, şaxtasına baxmayaraq bu aksiyada yüksək fəallıq nümayiş etdirirlər.İrəli, Azərbaycan gəncləri! Biz talançıların hərəkətini pisləyir, ekoloji terrora ” Yox!” deyirik!
Şahbazzadə İlqarə Mahir qızı,
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi











