Uşaqlara böyük dəyər verən ulu öndər

Uşaqlara böyük dəyər verən ulu öndər

07.04.2023 Off By Füzuli İsmayılov

“Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.” Bu sözləri 11 dekabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyev uşaqlarla görüşü zamanı söyləyərək bir daha bütün sahələrə olduğu kimi körpə fidanlara necə dəyər verdiyini bəyan etmişdir. 

Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması ulu öndərin dövlət siyasətinin ən vacib istiqamətlərindən idi.  Onun rəhbərliyi dövründə Azərbaycan 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. Bu Konvensiyaya qoşulmaqla ölkəmizdə uşaq hüquqlarına yüksək dəyər verildiyi, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması bir daha təsdiqini tapdı.

“Dünya bilməlidir ki, Azərbaycan xalqı indi ağır, əziyyətli vəziyyətdə yaşayır, ancaq öz milli mənliyini qoruyur və qoruyacaq, öz torpaqlarının və öz taleyinin sahibidir və sahibi olacaqdır. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, dünya birliyində öz yerini tutacaqdır. Müstəqil Azərbaycan gələcəyə ümidlə gedəcəkdir. Bizim ümidimiz, gələcəyimiz bizim uşaqlarımızdır, balalarımızdır. Sizi bir daha təbrik edirəm. Əziz balalarım, sizə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizi bağrıma basıram, öpürəm. Sağ olun, xoşbəxt olun. Bütün Azərbaycan uşaqlarını təbrik edirəm.” 

Davamlı olaraq uşaqların sağlamlığının, hüquq və təminatlarının müdafiəsi üçün Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlar qəbul edilib. Ümummilli lider çıxışlarında  vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider tez-tez uşaqlar üçün təşkil edilən tədbirlərdə, bayram şənliklərində iştirak edir, onlarla ünsiyyətdə olurdu. Uşaqlar da onunla keçiririlən hər bir görüşdən böyük ilham alırdı. 

Ulu öndərin uşaqların hüquqlaqının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısıi uşaqların problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır.  

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələyə yol açıb. Daha uşaqlarımız məcburi köçkün deyil və ailələrilə birgə öz doğma ata-baba yurdlarına qayıdışa hazırlaşırlar. Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərimizdə tezliklə xoşbəxt uşaq gülüşlərinin eşidiləcəyinə əsas yaradır.  

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və onların övladlarına göstərdikləri qayğı isə hər kəsə üçün örnəkdir. 

Könül Əsədova, 

“Körpə mələklər” uşaq bağçasının direktoru 

Share