Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri
11.04.2023Hakimiyyet.info.az xəbər verir ki, aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.
İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.


Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.
Görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsində 40 faiz artımın olması müsbət addım kimi qeyd edildi. Dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğuladılar.
Eyni zamanda, görüşdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olundu, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edildi. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulandı.
Söhbət zamanı regional məsələlər haqqında da fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar barədə məlumat verdi.
Görüşdə Azərbaycanın nəqliyyat imkanlarının daha da genişləndirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı Limanının imkanlarının artırılması istiqamətində səyləri barədə də məlumat verildi.
Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın nəqliyyat imkanlarının artırılması haqqında məlumat verdi.
Söhbət zamanı iki ölkənin nəqliyyat infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha sərbəst və sürətli keçidinin təmin edilməsinin önəmi qeyd olundu.

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü olub

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub.
Görüş əsnasında media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, bu sahədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulandı. Qazaxıstan Dövlət Televiziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş filmin hazırlandığı və həmin filmin bu günlərdə Qazaxıstan Dövlət Televiziyasında nümayiş olunacağı bildirildi. Filmin, eyni zamanda, Azərbaycan Televiziyasında nümayiş etdiriləcəyi də vurğulandı. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Qazaxıstanda dərin hörmət və ehtiramla yad olunduğu qeyd edildi.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirdi.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin səfərinin böyük əhəmiyyət daşıdığını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin və aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına şərait yaratdığını qeyd etdi.
Görüş əsnasında Qazaxıstan tərəfindən hökumətlərarası komissiyanın rəhbəri bu günə qədər görülmüş işlər haqqında məruzə ilə çıxış etdi. Azərbaycan tərəfindən iqtisadiyyat naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri görülən işlər barədə məruzələrlə çıxış etdilər.
Həmçinin dövlət başçıları bu gün imzalanacaq sənədlər arasında Yüksəksəviyyəli Dövlətlərarası Şuranın yaradılmasını çox müsbət addım kimi qiymətləndirdilər. Bunun Azərbaycanla Qazaxıstan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının nümunəsi olduğu vurğulandı. Eyni zamanda, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədin ölkələrimiz arasında münasibətlərin məhz müttəfiqlik əsasında inkişafı üçün zəmin yaratdığı qeyd olundu.
Dövlət başçıları aidiyyəti üzrə nazirlərə tapşırıqlarını verdilər
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar.
“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Rauşan Kajibayeva imzaladılar.
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev imzaladılar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzaladılar.
“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti Murat Jurinov imzaladılar.
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Abzal Saparbekulı imzaladılar.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstan Respublikasının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzaladılar.


Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Astanada İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib
Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
Astanada Heydər Əliyev küçəsinin açılışı olub

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkdilər.
Daha sonra dövlət başçıları şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdilər.

Azərbaycan və Qazaxıstan prezidentləri Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.

Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri aprelin 10-da başa çatıb.











