Azərbaycanlı deputatın koronavirusla mübarizədə ölkəmizin təcrübəsinə dair məqaləsi xarici KİV-lərdə dərc edilib
01.04.2020 [ad_1]
Bakı, 31 mart, AZƏRTAC
İordaniya, Fələstin və Misirin kütləvi informasiya vasitələri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Koronavirus pandemiyasına qarşı qlobal mübarizə: Azərbaycan təcrübəsi” adlı geniş məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, İordaniyanın “Ammon news”, “Deeretna news”, “Alanbat news” saytlarında, eləcə də müstəqil “Johina news”, “Nəbz” portallarında, Fələstinin dövlət saytları olan “Maan news”, “Əlhəyat Əljadida” və bu saytlarının qəzet versiyasında, habelə Misirin “Şəbab Əinil” və “Əlvəsilə news” internet resurslarında dərc olunan yazıda koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təcrübəsindən bəhs edilib.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bütün dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı atdığı preventiv, profilaktik, ardıcıl və sistemli addımlar təhlil olunub. Məqalədə qeyd edilib ki, virusa qarşı ilkin tədbirlər olaraq Azərbaycanın bütün quru sərhədləri dərhal bağlanıb, eyni zamanda, xaricdə qalan vətəndaşların təxliyəsi üçün əməli addımlar atılıb. Bu günə qədər on mindən artıq Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Ölkəmizdə aviareyslərin sayı kəskin aşağı düşüb və demək olar ki, hazırda az sayda aviareyslər icra edilir. Bu da önləyici tədbirlərin bir hissəsidir.
Yazıda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il martın 14-dən ölkə ərazisində tətbiq etdiyi bəzi sosial izolyasiya tədbirlərindən danışılıb, habelə martın 24-dən aprelin 20-dək tətbiq olunan xüsusi karantin rejiminin əhatə dairəsi və mahiyyəti açıqlanıb.
Xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdən ibarətdir. Məqsəd odur ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini ortaya qoysun, həmrəylik göstərsin. “Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”, – deyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi nümunə göstərərək, fonda bir illik əməkhaqlarını ianə ediblər.
Müəllif məqalədə vurğulayır ki, dövlətin rəhbərliyinin bu nadir addımları ölkəmizdə geniş ictimai rezonans doğurub. Müxtəlif təşkilatlar, qurumlar, sahibkarlıq subyektləri, ictimaiyyət nümayəndələri və ziyalılar bu prosesə böyük ruh yüksəkliyi ilə qoşulublar. Hakim Yeni Azərbaycan Partiyası da bu işdə öncül mövqe nümayiş etdirir. Hakim partiya Fonda 500 min manat məbləğində vəsait ianə edib. Həmçinin YAP Naxçıvan Muxtar Respublikasında yaradılan analoji Fonda 30 min manat vəsait köçürüb. Paralel olaraq YAP fəalları və könüllüləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşularaq maarifləndirmə işində fəallıq göstərirlər. YAP könüllüləri bu günədək 2500-dən çox tənha və ahıl insanı ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Aksiya bu gün də davam edir və bundan sonra da davam edəcəkdir”.
Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Onun əhatə dairəsi ilə bağlı görüləcək konkret sahələr müəyyənləşdirilib.
Milli Məclisin deputatı xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti ilə koronavirus pandemiyasına qarşı aparılan çoxsaylı və sistemli tədbirlərin səmərəlilik əmsalı və lazımi nəticələri verə bilməsi vətəndaş məsuliyyətinin yüksək səviyyədə olmasından asılıdır. Dövlət-vətəndaş birliyinin mövcudluğu bu məsələdə əsas şərtlərdəndir. Müəllif diqqətə çatdırır ki, dövlətimizin başçısının da vurğuladığı kimi, “Həmrəyliyimiz, birliyimiz və məsuliyyətimiz bizim nicat yolumuzdur. Biz bu bəlaya da az itkilərlə qalib gələcəyik”.
Yazıda vurğulanır ki, bu xəstəlikdən ancaq birlik, həmrəylik əsasında, qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri nəticəsində qurtula, az zərər və itkilərlə xilas ola bilərik. Müəllif fikrini bu sözlərlə tamamlayır: “Yuxarıda sadalanan reallıqlar fonunda yorulmaz fəaliyyəti ilə xalqımızın qəlbində şəfqət və mərhəmət rəmzinə çevrilmiş Birinci vitse-prezident Mehriban Əliyevanın hər birimiz üçün bir öyüd-nəsihət olan dəyərli fikirləri xüsusi məna və əhəmiyyət kəsb edir: “Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”.
AZERTAG.AZ :Azərbaycanlı deputatın koronavirusla mübarizədə ölkəmizin təcrübəsinə dair məqaləsi xarici KİV-lərdə dərc edilib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











