İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib
04.05.2023Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər
Hakimiyyet.info.az xəbər verir ki, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev iştirakçıları salamlayaraq bildirib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Məni bu konfransa dəvət etdilər və mən burada – Qarabağda görüşməyə qərar verdim. Daha sonra dövlət başçısı çıxışında qeyd edib ki, bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.
Dövlət başçısına təşəkkürünü bildirən ADA Universitetinin rektoru Hafiz Paşayev prezident İlham Əliyevə qonaqları maraqlandıran suallar vermək üçün sözü ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsa verib.
Sonra qonaqlardan ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor, Böyük Britaniyanın “Methkins” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts, Macarıstanın Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professoru Vasa Laslo, ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer, Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun beynəlxalq təhlükəsizlik araşdırmaları üzrə direktoru Neyl Melvin, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starova, Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə direktoru Nigar Göksel, ABŞ Beynəlxalq Məşvərətçilər Sammitinin icraçı direktoru Devid Merkel, Gürcüstanın “Geocase” təşkilatının sədri Viktor Kipiani, Birləşmiş Ştatların “İrs Fondu”nun (The Heritage Foundation) nümayəndəsi Viktoriya Kouts, Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun (ODI) qlobal risk üzrə eksperti İlayda Nichar, ABŞ-ın “ALG Transportation” şirkətinin rəhbəri Fərhad Azima, Özbəkistan Ali Məclisinin Senatı sədrinin birinci müavini, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin rektoru Sodiq Şafoyev onları maraqlandıran suallarla Azərbaycan Prezidentinin ətraflı, analitik təhlil və cavablarından razı qaldıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Hazırladı: Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin baş redaktoru














