Azərbaycanın qüdrətlənməsi  Ulu Öndərin  Vətən sevgisindən irəli gəlirdi

Azərbaycanın qüdrətlənməsi Ulu Öndərin Vətən sevgisindən irəli gəlirdi

05.05.2023 Off By Füzuli İsmayılov

Ulu öndərin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas oldu, əbədi və dönməz xarakter aldı. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxdı, dünya tarixində öz imzasını uğurla atdı. Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin, xalqın məsuliyyətini öz üzərinə götürməklə, böyük missiyanı şərəflə yerinə yetirərək “Xilaskar” adını qazanırlar. Belə nadir insanlardan biri, XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdıran ulu öndər Heydər Əliyevdir.

1969-cu ilin iyulun 14-də ümummilli liderimiz Heydər Əliyev respublikanın siyasi rəhbərliyinə yüksəlib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bununla da sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Məhz həmin tarixdən etibarən respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib. Azərbaycanın müasir tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

O zaman zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onların icrasına nail oldu. Nəticədə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq tikinti-quruculuq illəri kimi yazıldı. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başladı. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi.

Həmin illərdə Azərbaycan nəhəng tikinti meydanını xatırladırdı. Yüzlərlə yaşayış binaları, mehmanxanalar, xəstəxanalar, elmi-tədqiqat mərkəzləri, məktəblər, mədəniyyət sarayları, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu və adını çəkmədiyimiz minlərlə digər tikililər ulu öndər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Hər il təhsil almaq üçün respublikamızın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

Ulu öndər hələ o zaman qovuşacağımız müstəqilliyimizi görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Bəli, böyük düha sahibi yeni – bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Heydər Əliyev deyirdi: “Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”.

Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində diqqətçəkən bir məqama da nəzər salmaq istərdim. Metro tikintisi sahəsində uzun illər çalışan bir şəxs kimi deyə bilərəm ki, bu gün paytaxt sakinlərinin və qonaqların geniş istifadə etdikləri Bakı Metropoliteninin tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Təsadüfi deyil ki, paytaxtda metro tikintisi ideyası ötən əsrin 40-cı illərində ortaya çıxsa da, bu iş yalnız 60-cı illərdə reallaşıb, amma bununla belə yeraltı ictimai nəqliyyatın əsas inkişaf mərhələsi 70-80-ci illərdə – Azərbaycana Heydər Əliyev kimi uzaqgörən liderin rəhbərlik etdiyi dövrdə baş verib.

“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”, — deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri metro tikintisində həm də istismar zamanı ən müasir və qabaqcıl texnologiyaların tətbiqidir.

Son illərdə Azərbaycanda sosial-iqtisadi həyatın digər sahələrində də mühüm uğurlar əldə edilib. Respublikamız sürətli inkişaf yolu keçərək, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib, Cənubi Qafqazın lider dövləti kimi tanınıb. Bu isə beynəlxalq təşkilatların hesabatlarında, sosioloji mərkəzlərin rəy sorğularında, eləcə də kütləvi informasiya vasitələrində təqdir edilib, respublikamızın davamlı tərəqqi yolunda olduğu xüsusi vurğulanıb. Məsələn, ABŞ-ın nüfuzlu eksperti Hilları Kreymerin sözlərinə görə, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub.

Fərmayıl Vəliyev,

Abşeron Sukanal İdarəsinin rəisi

Share