NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN VAR, XALQIM HEYDƏR DEYƏCƏK!
05.05.2023Heydər Əliyev iqtisadi siyasətin hazırlanıb həyata keçirilməsinə, iqtisadiyyatın dinamik inkişafına da daim qayğı göstərmişdir. Burada Heydər Əliyevin neft strategiyası başlıca yer tutur. Onun əsasmı 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” təşkil edir.
Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində respublikada neft çıxarılması artmağa başladı. Neft hasilatı 1993-cü ildəki 10,3 mln. tondan artaraq 2003-cü ildə 15,3 mln. ton olmuşdur. Neft strategiyasının əsas tərkib hissələrindən biri də onun dünya bazarlarına çıxarılması idi. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəməri istifadəyə verildi. Noyabrın 18-də isə ATƏT-in İstanbul sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru neft kəməri ilə nəql edilməsinə dair saziş imzalandı. 2006-cı ilin yayında fəaliyyətə başlayan həmin kəmərə Heydər Əliyevin adı verilmişdir.
Neft Azərbaycan xalqının təbii sərvətidir. Ona görə də neftdən əldə olunan gəlir Azərbaycan xalqı və dövlətinin tərəqqisinə xidmət etməlidir. Bunu nəzərə alan Heydər Əliyev 1999-cu il dekabrın 29-da Dövlət Neft Fondunun yaradılması haqqında fərman imzalamışdır.
Heydər Əliyev deyirdi: “… mənim məqsədim… Neft Fondunu Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır”.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası dünyanın əsas neft istehsalı mərkəzlərindən birinə çevrilmişdir. Neftlə bərabər, sənayenin digər sahələri, xüsusilə qabaqcıl texnika və texnologiyaya əsaslanan sahələrin inkişafı diqqət mərkəzində olmuşdur. Bunun üçün sənayenin əsas göstəricilərinə və sahələr üzrə sənaye məhsullarının həcminə dair məlumatlara nəzər salmaq kifayətdir. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən Azərbaycan Respublikasında olan sənaye müəssisələrinin sayı 2306 idisə, 2002-ci ildə bu rəqəm 5202, yaxud 2896 (55, 67%) müəssisə çox idi. Sənaye sahələri üzrə məhsulun həcmində də irəliləyişlər çox idi. Mədənçıxarma sənayesi üzrə bu göstərici 1993-cü ildəki 9,4 mlrd. manatdan artaraq 9.569,4 mlrd. manata çatmışdı. Emal sənayesində bu göstərici müvafiq olaraq 99,2 və 8.292 mlrd. manat olmuşdu.
Sənaye ilə birgə kənd təsərrüfatının ümumi məhsulunda da ciddi artım müşahidə edilmişdi. Əgər 1993-cü ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 52,3 mlrd. manat idisə, 2002-ci ildə bu rəqəm 6.355,7 mlrd. manata yüksəlmişdi.
Respublika iqtisadiyyatının əsaslı tikinti, rabitə-nəqliyyat və digər sahələri də sabit inkişaf yoluna qədəm qoymuşdu. Heydər Əliyev iqtisadi siyasətinin ən uğurlu cəhətlərindən biri də planlı-sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçilməsinin təmin edilməsi olmuşdu. Özəlləşdirmə siyasəti uğurla həyata keçirilmiş, yeni sahibkarlar təbəqəsi təşəkkül tapmış, istehsalın strukturunda özəl bölmənin payı artmışdı.
Heydər Əliyevin idarəetmə siyasətində xalqın rifahının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması, birsözlə, bütün tədbirlərin sosial yönümlü olması həmişə önəmli yerə malik olmuşdur. Bu, ilk növbədə, dövlət büdcəsindən sosial məsələlərin həlli üçün ayrılan vəsaitin ildən-ilə artırılmasında əksini tapmışdır. Digər tərəfdən, əhalinin pul gəlirləri də yüksələn xətlə çoxalmışdır. Əgər 1993-cü ildə hər nəfərə düşən pul gəlirləri 18,4 min manat olmuşdusa, 2002-ci ildə bu rəqəm 2629,2 min manat olmuşdur. Əhalinin pul gəlirlərinin əsasmı təşkil edən əməkhaqqı, pensiya təminatı artırılmışdır. Bununla birgə pul gəlirlərinin yüksəlməsində sahibkarlığın rolu genişlənmişdir. Qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır. Bunun üçün 1998-ci il sentyabrın 17-də xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Xarici siyasətin mərkəzi məsələsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyət təşkil edirdi. Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamış, respublika ərazisinin 20%-niişğal etmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında 822, 853, 874 və 884-cü qətnamələr qəbul etmişdir. ATƏM-in (sonralar ATƏT) Nazirlər Şurası isə problemi həll etmək məqsədilə Minsk qrupu yaratmışdır. Lakin bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq planlarının qarşısını ala bilməmişdir. Heydər Əliyev vəziyyəti nəzarət altına almaq məqsədilə atəşkəs haqqında razılaşmaya nail oldu.
ATƏM və onun Minsk qrupu çərçivəsində fəaliyyət gücləndirildi. Heydər Əliyevin səyi nəticəsində ATƏT-in Lissabon sammitində (1996-cı il) Ermənistan istisna olmaqla, 53 dövlət onun ərazi bütövlüyünü tanıdı. Bu sammitdə Minsk qrupu yeni formatda təşkil edildi. 1999-cu ilin aprelindən başlayaraq münaqişənin həlli üçün Azərbaycan və Ermənistan prezidentlərinin dialoqları keçirilməyə başladı. Heydər Əliyev bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmiş, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Azərbaycanın xarici siyasətinin sülh və mehriban dostluq prinsipinə əsaslanması digər qonşular ilə münasibətdə özünü daha aydın göstərmişdir. Heydər Əliyev ilk xarici səfərini Rusiya Federasiyasına etmiş, şimal qonşusu ilə səmərəli münasibətlər yaratmağa nail olmuşdur.
Azərbaycanın strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlər Heydər Əliyev tərəfindən tarixdə analoqu olmayan bir səviyyəyə qaldırılmış, “bir millət, iki dövlət” aforizmi münasibətlərin sadə və aydın ifadəsinə çevrilmişdir.
Heydər Əliyev Gürcüstanla münasibətləri də strateji əməkdaşlıq səviyyəsinə qaldırmağa nail olmuşdur. Azərbaycan dövlətinin xarici siyasət xəttində ABŞ-la əməkdaşlığa böyük diqqət verilirdi. Bunun nəticəsi idi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş, Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından birinə çevrilmişdir.
Heydər Əliyev uğurlu diplomatik fəaliyyəti nəticəsində 1992-ci ildə ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavənin fəaliyyətinin dayandırılmasına nail oldu. Azərbaycan həm Avropa, həm də Asiyanın nüfuzlu dövlətləri ilə yüksək ikitərəfli münasibətlər yaratdı. Heydər Əliyevin xarici siyasət xətti Azərbaycanın dünya birliyində nüfuzunu artırmış, beynəlxalq təşkilatlarla əlaqələrini yeni səviyyəyə yüksəltmişdir. Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına (AŞ) üzvlüyə qəbul olunmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə olduğu kimi, bu dövrdə də milli-mənəvi inkişafa xüsusi qayğı göstərilmişdir. Elm və təhsil sahəsində yeni uğurlar əldə edilmişdir. Bazar iqtisadiyyatına keçidin elm və təhsilm sahəsində yaratdığı problemlərin həllinə xüsusi diqqət yetirilmişdir. Yeni cəmiyyət formalaşması mədəniyyətin inkişafında daha dərin dəyişikliklərlə müşahidə edilmiş, mədəniyyətin bütün sahələrinə dövlət qayğısı artırılmışdır. Bu zaman prezident seçkiləri ilə əlaqədar olaraq respublikanın siyasi həyatında fəallıq artmışdı. Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü. İlham Əliyev prezident seçkilərinin gedişi zamanı Bakıda və Azərbaycanın bütün bölgələrində seçicilərlə görüşlər keçirdi, seçki platformasını ətraflı şəkildə izah etdi, siyasi rəqiblərinin qeyri-real və populist vədlərini alt-üst etdi, sadə və dərin məzmunlu nitqlərilə xalqı öz ətrafında birləşdirməyə nail oldu. O, seçki təbliğatı çərçivəsində Azərbaycanın bütün bölgələrinə səfərlər etdi. Seçicilərlə görüşlər zamanı respublikanın ən qiymətli sərvəti olan insanlara qayğı, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirdi, müstəqil Azərbaycanın inkişafında hər bir bölgə vətəndaşlarının rolunu layiqincə qiymətləndirdi.
2003-cü il 15 oktyabr prezident seçkilərini böyük uğurla həyata keçirən İlham Əliyev seçicilərin 76%-nin səsini toplayaraq bu seçkilərdə qələbə qazandı. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə dair protokolu oktyabrın 20-də təsdiq etdi. İlham Əliyev Heydər Əliyev kursunu davam etdirəcəyini rəsmən elan etdi. Beləliklə, Heydər Əliyevin Azərbaycan Respublikasına ikinci rəhbərliyi böyük dövlət xadiminin siyasi arzusuna uyğun şəkildə başa çatdı.

Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat etdi. Azərbaycan xalqı, Heydər Əliyev şəxsiyyətinə böyük hörmət əlaməti olaraq, müxtəlif dövlətlərdən dəfn mərasimində iştirak edən çoxsaylı nümayəndə heyəti dekabrın 15-də Heydər Əliyevi dərin hüznlə son mənzilə yola saldı.
Ramiz Əhmədov,
Bakı “İnşaat Sənaye” ASC İdarə Heyətinin sədri











