Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir 1 əsr yaşı olan Şəmşir babanı aldadır – İDDİA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir 1 əsr yaşı olan Şəmşir babanı aldadır – İDDİA

09.05.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, 100 yaşına az qalmış Böyük Vətən Müharibəsi İştirakçısı Şəmşir Mikayıl oğlu Şəldiyev redaksiyaya müraciət edərək, yaranmış problemin ictimailəşdirilməsini və məsələnin həllində ictimai dəstəyin göstərilməsini xahiş edib.

Şəmşir baba haqqında qısa arayış:

O, 1926-ci ildə Azərbaycanin dilbər guşələrindən olan Kəlbəcər rayonunda anadan olub. Ömrünün çiçəklənən vaxtı, tərkibində olduğumuz SSRİ-ni qorumaq üçün faşist Almaniyası ilə müharibəyə qatılmışdır. Qızğın döyüşlərdə gənc Şəmşir yaralanaraq, hərbi travma alır. O vaxtkı Azərbaycan hökuməti onu ordudan tərxis edir və I qrup əlillik dərəcəsi verir.

Yaralanandan sonra da, Vətənə xidmət etməyə can atan Şəmşir müəllim könüllü olaraq arxa cəbhədə pedaqoji fəaliyyətə başlayır. O, ən ucqar kəndlərdə müəllim işləyir. Bu illər ərzində yüzlərlə kadrlar yetişdirir. Bir sözlə, bir vaxtlar Azərbaycan ziyalısı kimi Sovetlət birliyinə, daha sonralar isə müstəqil Azərbaycan dövlətinə və xalqa xidmətni davam etdirir.

İndi isə onun 100 yaşı haqlamasına çox az bir vaxt qalıb. Ötən illər ərzində yaşlı Şəmşir baba yataq xəstəsinə çevrilir. Səhhəti tez-tez pisləşən babanı övladları həftədə ən az iki-üç dəfə xəstəxanalara aparmalı olurlar.

Lakin babanın təqaüdü nə dava-dərmana, nə də onu aparıb-gətirən taksi puluna yetmir, çox hallarda ailəsi qonşulardan borc almağa məcbur qalırlar.

Bununla bağlı, Şəmşir babanın oğlu bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə teleqram vuraraq yaşlı, əlil atasını mütəmadi olaraq həkimə apara bilməsi üçün, atasına da əlillərə verilən yerli avtomobillərdən verilməsini xahiş etmişdir.

Bir neçə yüz manat xərc tutan oxşar teleqramlardan sonra, bu ilin iyul ayında Sahil Babayevin müavinlərindən biri (ad soyadını unudublar) Şəmşir babaya zəng edərək bildirir ki, iki ay müddətində ona avtomobil veriləcək. Amma təəssüf ki, nazir müavini onu aldadıb…

Aydın məsələdir ki, əlil baba ilə əlaqə saxlamağı müavininə Sahil Babayev tapşırıb…

Amma necə tapşırıbsa, sözün əsl mənasında qəhrəman Şəmşir babanın qulağı zəngdə qalıb…

Məsələ ondadır ki, bu kateqoriyadan olan insanlar, barmaqla sayılacaq qədər az qalıb.

Məhz ona görə də humanist prezidentimiz İlham Əliyevin göstərişi ilə “tarixin yaşıdı” olan bu insanlara xüsusi qayğı göstərilir ki, maksimum çox yaşasınlar, Azərbaycanın gələcək nəsillərinə nümunə olsunlar.

Paradoksal vəziyyət ondan ibarətdir ki, cənab prezident 1941-1945 iştirakçılarına qayğı göstərsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tam əksini edir, bu adamlara biganə yanaşır.

Şəmşir babaya olan etinasızlıq isə göz qabağındadır.

Məsələ layiqli həllini tapana kimi gündəmdə saxlayacağıq.

Share