Daha 11 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya edilib
19.05.2023Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.











