Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfər edib

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfər edib

28.05.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub.

İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Qeyd olundu ki, Yanşaq kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxdı. Daha sonra Prezident İlham Əliyev Yanşaq kəndinin təməlini qoydu.

İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib

İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib

Dövlət başçısına kəndin layihəsi barədə məlumat verildi. Qeyd olundu ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Prezident kəndin inkişaf planı barədə videoçarxa baxdı. Sonra Prezident İlham Əliyev Zallar kəndinin təməlini qoydu.

İlham Əliyev Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” Kiçik Su Elektrik Stansiyası da “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilib. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq yaradılan 6,3 meqavat gücündə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası üçün maşın zalı inşa edilib.

Prezident İlham Əliyev “Qamışlı” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

“Qamışlı” Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.

İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib

Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.

“Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

İlham Əliyev Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib

İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi. Sonra Azərbaycan Prezidenti hərbi hospitalda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.

Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.

Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.

Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.

İlham Əliyev Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib

İlham Əliyev Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib

Prezident İlham Əliyev məhəllənin təməlinin qoyulması mərasimində iştirak edib. Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.

Dövlət başçısı yaşayış məhəlləsinin təməlini qoydu.

İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.

Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.

İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonundan sonra Laçın rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib.

Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyasının ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

“Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.

İlham Əliyev Laçın rayonunun Qorçu qəsəbəsinin təməlqoyma mərasimində iştirak edib

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Bildirildi ki, qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorçu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

Prezident İlham Əliyev qəsəbənin təməlini qoydu.

İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlini qoyub

Dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi. Bildirildi ki, rayonun şimalında, Şəlvə çayının sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.

Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.

Prezident İlham Əliyev kəndin təməlini qoydu.

İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Məlumat verildi ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.

İlham Əliyev “Laçın” şəhər yarımstansiyasının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısına yarımstansiya barədə məlumat verildi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq “Laçın” şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

İşğaldan azad edilən ərazilərdə indiyədək “AzərEnerji” ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan “Laçın” şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağından və Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq 110 kV-luq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq “Laçın” şəhər yarımstansiyasına birləşdirilib.

Digər istiqamətdən “Daşkəsən”, “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına, o cümlədən “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə “Laçın” qovşaq yarımstansiyası ilə əlaqələndiriləcək. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xətdə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, dövlətimizin başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.

Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxdı.

İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

x x x

Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda bütün yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.

İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını edib

İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını edib

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.

Qeyd edildi ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verildi.

Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürdü.

Share