İsrail Prezidenti İsxak HersoqunAzərbaycana rəsmi səfəri
02.06.2023Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi.
Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.



Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, İsxak Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanım Mixal Hersoqun şərəfinə rəsmi lanç verilib.












