İLLƏRİN TƏCRÜBƏSİNİ QAZANAN AĞSAQQAL HƏKİM
02.06.2023Onunla görüşməyə məni sövq edən xalqın ona olan məhəbbətindən irəli gəldi. Yaşadığı kəndə uzun yol qət etsəm də, söhbətindən aldığım ləzzət və insanlara göstərdiyi qayğıdan həzz aldım. Düşündüm ki, həqiqətən ağsaqqallıq bu insana yaraşır. Elin, obanın bu gün də imdadına çatan həkim-terapevt Oqtay Fətəli oğlu İbrahimov haqqında eşitdiklərim bəzəmək, şişirtmək xatirinə deyil, əməlinə görədir.
Oqtay həkim Kürdəmirin Qarasaqqal kəndində doğulub. Orta məktəb illərində qəlbində həkim olmaq hisslərini təhsilinə göstərdiyi məhəbbətdən bəlli edib. 1956-cı ildə Tibb Texnikumunun feldşerlik fakültəsinə daxil olduqdan sonra əla qiymətlərlə oranı bitirib. Azərbaycan Tibb İnstitutuna daxil olmaq istəsə də, müsabiqədən keçə bilməyib. Dərhal rayona qayıdaraq Kürdəmirin Qarasaqqal kənd tibb məntəqəsinin baş həkimi işləyib. Ölkədə ali təhsilli tibb personalı çatışmazlığından əziyyət çəkən rayon camaatına 12 il orta ixtisaslı həkim kimi xidmət göstərib. Nəhayət 1967-ci ildə istəyinə çatmaq üçün yenidən Tibb İnstitutuna qəbula sənəd verib və istəyinə nail olub.
Oqtay həkim Tibb İnstitutuna daxil olanadək müddətdə də ali təhsil almaq istəyini unutmayıb. Bu illər ərzində Oqtay İbrahimov V. İ. Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun kimya-biologiya fakültəsini və Azərbaycan Kənd Təsərrüfatı İnstitunun zootexnik fakültəsini qiyabi yolla bitirib.
Tibb İnstutuna daxil olarkən 4 övlad atası olan Oqtay həkim təhsilini başa vurduqdan sonra yenidən rayona qayıdaraq Kürdəmirdə həkim fəaliyyətini davam edib. 2001-2006-cı illərdə Kürdəmir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri olan O. İbrahimov işlədiyi illərdə müxtəlif dövlət mükafatları alıb. Ümummilli Lider Heydər Əliyevin imzası ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Təqaüd yaşında olmasına baxmayaraq, yenə də təcrübə və bacarığından istifadə edərək insanların xidmətində duran həkim-terapevt Oqtay İbrahimov şuxdur, cəlddir, xeyirxah və nəcib əməllərini davam etdirir. Ona bu nəcib, xeyirxah əməllərinə görə insanlar daima minnətdardır. Allah ömür versin.
Dəyanət Kərimov,
Bölgə müxbirimiz













