ŞƏHİDLİK DÜNYA HƏYATINDAN ƏN GÖZƏL VİDADIR
16.06.2023Keçdiyiniz hər gün tarixə dönür. Yaşadığımız günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var.
Hər birimiz ömür yolunu müəyyən müddət sonra başa vuracağıq.
Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Allah, Vətən və millət yolunda canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Xalq tərəfindən qərinələr , əsrlər keçməyinə baxmayaraq, əsla unudulmayan insanlardır şəhidlər.
Tarix boyu millətləri zəfərdən-zəfərə aparan səbəb də Vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik Xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın ünvanı olub, kimliyini, qoruyan insanlardır.
Şəhidlər bir Xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmləri yararaq , Xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşan bəxtiyat insanlardır.
Belə qəhrəman oğullardan biri də Laçın rayon Oğuldərə kənd sakini şəhid!
CABBAROV ŞAHGÜNDÜZ HABİL OĞLUDUR!
Əslən Laçından olsa da, doğma torpağı 1992-ci ildə namərd ermənilər tərəfindən işğal olunduğundan Şahgündüz Cabbarov 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub.
Körpə yaşlarında anasının səsləndirdiyi Vətən nisgili bayatıların, laylaların, nəğmələrin təsirindən canına-qanına Qarabağ sevgisi, Vətən sevgisi hopmuşdur. Böyüdükcə onun daxilində Qarabağın azadlıq eşqi də böyüyürdü və bu amal onu sankı döyüş meydanlarına çəkirdi. Ona görə də İkinci Vətən müharibəsi başlayan andan könüllü olaraq döyüşlərə qatıldı.
Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. Orta məktəbdə oxuduğu dövr, nümunəvi və intizamlı şagird olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə yüksək balla daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə hərbi hissə komandiri tərəfindən Fəxri-fərmanla təltif edilib.
Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb. Tovuz döyüşlərindən sonra hərbi komissarlığa gedərək adını könüllü yazdırır.
İkinci Vətən müharibəsi başlayan andan könüllü olaraq döyüşlərə qatılır.
İlk döyüşlərdə pulemyotçu kimi iştirak etsə də, sonradan öz istəyi ilə xüsusi təyinatlıların həmlə taboruna keçir.
Füzuli rayonu istiqamətində gedən qızğın döyüşlərə qatılır. Füzuli əməliyyatı Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən 27.09.2020-ci il tarixində saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğusu vasitəsilə Azərbaycan silahlı qüvvələrinin döyüş mövqeləri və yaşayış məntəqələrimiz atəşə tutulmuşdur.
Elə həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qurğularının bölmələri cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq cəbhəsi boyu ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır, nəticədə Azərbaycan ordusu irəliləməyə başlayır . Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirərək geri çəkilməyə məcbur olmuşdur. Bu qələbənin əldə olunmasında Şahgündüz Cabbarovun misilsiz xidmətləri var.
Şəhid Şahgündüz Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl uğrunda gedən amansız döyüşlərdə iştirak edib.
25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə xüsusi igidlik, sücaət göstərərək qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır!
Qəhrəman şəhidimizin məzarı Binə qəbiristanlığındadır.
Şahgündüz Cabbarov canını Qarabağ torpağına qurban verib ölümüylə-ölməzlik qazanmışdır. Vətən müharibəsi qəhrəmanı kimi Azərbaycan xalqının sevgisini, ehtiramını qazandı. Onun qəhrəmanlıq salnaməsi gənc nəsillər üçün bir Vətənpərvərlik, Vətənsevərlik məktəbidir.
Şahgündüz Cabbarov şəhadətə qovuşduqdan sonra Ali Baş komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,
“Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Onların müqəddəs ruhları qarşısında baş əyirik! Atasının və anasının əllərindən öpür, qarşısında baş əyirik!
Hamlet Abbasov,
Hacıqabul rayon R.Abdullayev adına Qubalıbaloğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi











