FİA-nın Baş Assambleyasının növbəti iclası Bakıda keçiriləcək
23.06.2023Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının növbəti iclası dekabrın 8-də Bakıda keçiriləcək. Bu barədə FIA-nın saytı məlumat yayıb.
Məlumata əsasən, ötən gün İspaniyada Beynəlxalq Avtomobil Federasiyasının fövqəladə Baş Assambleyaları keçirilib.
Qeyd edilir ki, FIA-ya üzv klublar səsvermə prosesində iştirak ediblər və Birləşmiş Krallığın Avtomobil Assosiasiyasının FIA-da üzvlüyünün bərpası da daxil olmaqla bir neçə təklifi təsdiq ediblər.
Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammed Əhməd bin Sulayem Böyük Britaniyanın yenidən FİA-ya qoşulmasını alqışlayıb.
“Bu gün sizi fürsətdən istifadə edərək Birləşmiş Krallığın Avtomobil Assosiasiyasını FIA ailəsində salamlamağa dəvət etmək istərdim. Sayımız artdıqca Federasiyamız güclənir”, – deyə o bildirib.











