ZİYALILIQ, ŞƏXSİ AMBİSİYALAR, YOXSA İNTRİQABAZLIQ?!
12.07.2023Cəmiyyətdə ziyalı və onun mövqeyi ilə bağlı həmişə müzakirələr gedib. Bu təbəqə hər bir dövrdə aparıcı, sağlam əqidəli, geniş dünyagörüşlü insanlar olub. Müxtəlif yanaşmalar olsa belə, ziyalı, xüsusən də elm adamları bu adı qorumağa çalışıb.
Ziyalı təbəqəsi intriqalara, qalmaqala yol açanda cəmiyyətdə nadanlar vüsət almağa başlayır. Əfsuslar olsun ki, sosial şəbəkələrdə gedən qalmaqallı mövzulara bəzi ziyalılarımız da böyük önəm verir. Xüsusən də elm adamının belə intriqalarda fəallığı onun elmə münasibətini şübhə altına salır. Bəzi ziyalılar onlara diqqətin azalmasından, bəziləri isə ziyalılara münasibətin dəyişməsindən, bəziləri də şəxsi ambisiyaların qurbanına çevrilməsindən şikayətlənirlər. Ziyalıların cəmiyyətdən və dövlətdən gözləntiləri ilə bağlı da müxtəlif fikirlər var. Normal cəmiyyətlər ziyalı düşüncəsi ilə formalaşır. Əlbəttə, həqiqi, vətənpərvər ziyalıların.
Bir neçə gündür feysbuk sosial şəbəkəsində diqqətimi çəkən əsas maraqlı mövzulardan biri də, filologiya üzrə elmlər doktoru, professor Həbib Zərbəliyevin ölkənin tanınmış ali təhsil ocaqlarından olan Azərbaycan Dillər Univeristetinə, onun rəhbər heyətinə, xüsusən də həmin təhsil ocağının rektoru Kamal Abdullaya qarşı yazılarıdır. Maraqlıdır, görəsən Həbib müəllimi buna məcbur edən nədir, və ya kimlərdir?
Feysbuk səhifəsində özünün paylaşdığı RƏY-dən görünür ki, 2006-cı ildən Azərbaycan Dillər Univeristetinin Ümumi dilçilik kafedrasının əməkdaşıdır. 2006-2010-cu illərdə o, Ümumi dilçilik kafedrasının tam ştat professoru vəzifəsini tutmuş, 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar olaraq 0,5 ştat professor vəzifəsinə keçirilmiş, 2014-cü ildən müqavilə əsasında yenidən kafedranın tam ştat professoru vəsifəsinə qəbul edilmişdir. 2017-ci ilin sentyabrından Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri təyin edilməsi ilə əlaqədar yenidən kafedranın 0,5 ştat professoru vəzifəsinə keçirilmişdir. 2019-cu ildən Ümumi dilçilik kafedrasının tam ştat professoru vəzifəsini tutur.
Bəs uzun illər çalışdığı, münasibətdə olduğu kollektivə qarşı belə münasibət nədən və haradan yaranıb Həbib müəllimdə? Yenə qayıdırıq özünün paylaşdığı bir yazıya: Bu günlərdə Azərbaycan Dillər Universitetində (ADU) yaxşı tanıdığım bir xanım “Həbib Zərbəliyev özünü gör nə vəziyyətə çatdırıb ki, Universitetdə heç kim onun səsinə səs vermir” deyib. Bunu bir başqası desəydi, mənə o qədər təsir etməzdi. Həmin xanıma bunları demək istərdim: “Mənim heç kimin səsinə ehtiyacım yoxdur. Yazılarımı bəyənənlərə dərhal zəng vurub onu geri götürməsinə, mənə yanaşıb dəstək bildirənlərə isə dərhal məndən uzaq durmasını tövsiyə edirəm. Mən Kamal Abdullayevin nə qədər qisasçı olduğunu yaxşı bilirəm və mənə görə kiminsə onun “siyahı”sına düşməsini istəmirəm. Mən özüm bir nəfərdən ibarət orduyam. Sizin fikriniz mənim üçün ölçü vahidi deyil, xanım. Öz işinizlə məşğul olun”. Ziyalıda, elm adamında belə təkəbbür, özünəgüvənmə, digər ziyalı həmkarına qarşı aqressiya Həbib müəllimdə haradan yaranıb? Həbib müəllim qeyd edir ki, “…Mənim heç kimin səsinə ehtiyacım yoxdur. Yazılarımı bəyənənlərə dərhal zəng vurub onu geri götürməsinə, mənə yanaşıb dəstək bildirənlərə isə dərhal məndən uzaq durmasını tövsiyə edirəm...“ Bəs elədirsə, sizin ünvana xaımın söylədikləri fikrə niyə belə hücuma keçib özünüzü Napoleon Bonapart kimi müdafiə edirsiniz? Hələ bu azmış kimi daha da irəli gedib termosundan çay içdiyiniz, hamının yaxşı tanıdığı (Əlbəttə, bunu özünüz də təsdiq edirsiniz-F.Ə.) “…Professor Şahin Xəlillini iyirmi ilə yaxındır ki, tanıyıram. Necə deyərlər, tikansız balıq hesab edirdim. Doğrudan da, o bir neçə universitetdə çalışaraq, bir parça çörəyini qazanırdı, düz adam idi – ta Kamal Abdullayev onu dekan vəzifəsinə gətirənə qədər. Hətta Elmi şurada Şahin Xəlillinin seçkisi zamanı mən çıxış edərək, onun haqqında çox müsbət rəy bildirmişdim. O da rəhbərlik etdiyi fakültənin Elmi şurasının sizə məlum olan məşhur iclasında mənə bunun “müqabilini verdi”. Sağ olsun!!! Düzü, indi mənim içimdə iki Şahin müəllim – yaxşı və dönük Şahin müəllim arasında seçim tərəddüdü var. Yaxşını seçim, necə seçim, dönük Şahin müəllimi seçim, necə seçim? Üstəlik də, ehtiyat edirəm ki, səhvə yol versəm, onun termosundan içdiyim iki stəkan çay mənə haram olar. O biri tərəfdən düşünürəm ki, əvvəllər ideal sandığım, indi isə vəzifə naminə həqiqəti tapdayan bu Şahin müəllimə mən necə haqq qazandırım. Birdən elə bilərsiniz ki, Şahin müəllimin tutduğu dekan vəzifəsindən bir qazancı var, əsla. O, el dili ilə desək, papağını gündə yandırır, faydasını isə “yuxarılar” görür. Ona görə hesab edirəm ki, düşdüyü vəziyyət Şahin müəllimin faciəsidir.“
Buradan açıqca görünür ki, dərdiniz başqadır, kimlərinsə marağına xidmət etməklə tanınmış ziyalını, akademiki, filologiya sahəsində kifayət qədər xidmətləri olan bir təhsil ocağının rektorunu, yazıçı Kamal Abdullanı hörmətdən salmaqla yanaşı ona dəstək verən kollektivi, təhsil ocağını da nüfuzdan salmağa çalışırsınız. Bu sizin yazılarınıza verilən şərhlərdən də aydın sezilir. Necə deyərlər, gündəmə gəlmək üçün ziyalı kimi yox, bəzi müğənni və prodüsserlər kimi sosial şəbəkədə məşhurlaşmaq istəyirsiniz.
Yazılarınıza verilən şərhlərdən görünür ki, bir zamanlar “narxoz”da -İqtisad Universitetində işləyərkən də rektorla belə konfliktlər yaşamış, Elmi Şura ilə problemləriniz olub. Bildiyimə görə Təhsil Nazirliyində də, bu keyfiyyətlərinə görə sənin oradanan uzaqlaşmanı sevinclə qarşılayıblar. Bax bu ziyalının, elm adamının adına yaraşan deyil. Yəqin ki, mənim yazıma da reaksiyanız olacaq. Kamal Abdullanın sifarişidir, özünü məndən qorumağa mətbuat nümayəndələrini ələ alıb, nə bilim daha nələr. Bu sizin öz vicdanınızın işidir. Amma mən sizi araşdırıb ətrafdakılarınızın diliylə əsl ambisiyalara malik olmağınızı, kimlərinsə sifarişi ilə intriqalarda məşhurlaşan Həbib Zərbəliyev kimi tanıdım.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru, AJB üzvü











