Prezident İlham Əliyev: Biz artıq bu hədəfə çatmışıq

Prezident İlham Əliyev: Biz artıq bu hədəfə çatmışıq

14.07.2023 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyevin  2023-cü ilin 6 ayının sosial iqtisadi yekunlarına həsr  olunmuş müşavirədəki çıxışına ictimai fəal münasibəti

       11.07.2023-cü il tarixində  Prezident İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki cıxışı göstərdiki xalqın Prezidentinə olan etimadının zəifləməsinə çalışan qeyri-sağlam qüvvələr var. Prezident cıxışının əvvəlində iqtisadi göstəricilərə yer verərək qeyd edir ki, bir neçə il bundan əvvəl biz qarşıya hədəf qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun. Biz artıq bu hədəfə çatmışıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

        Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.

        Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən amillər arasında dövlətimizin başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib. “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır” Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

       “Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil”, – deyə dövlətimizin başçısı qeyd edib. Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

        Əsas mühüm məsələ isə Prezidentin ölkə ictimaiyyətinin Gədəbəy hadisəsinə qiymət verməsi olub. “Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, – deyə dövlətimizin başçısı vurğulayıb.

        Prezident qeyd edir hadisə ilə bağlı məlumat aldıqdan sonra  zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?

        Dövlətimizin başçısı Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edərək deyib: “Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, – çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, – onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərər vurur. Prezident tapşırıb ki, bir həftə ərzində həm ona, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.

         Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımların 1993-cü ildə başa çatdığını qeyd edən dövlətimizin başçısı deyib: “Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.

       Ölkə başçısının bu sərt cıxışından sonra 13.07.2023-cü il tarixdə  Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilib.

        Əli Əsədov iclasda Söyüdlüyə beynəlxalq audit şirkətinin səfər edəcəyini bildirib . Təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib. Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər. 

     Baxın dövlət başçısının gərgin iş fəaliyyətinə, xarici iqtisadi münasibətlərin qurulması, daxili sabitliyin yaradılması, Qarabağda yarımçıq qalmış münaqişənin və Ermənistanla sərhəd məsələsinin həlli, iqtisadi inkişafın tənzimlənməsi və Dünyanın yeni nizama hazırlanması ərəfəsində Azərbaycanın layiqli və güclü bir dövlət kimi imicinin qorunub saxlanması. Bütün bu sahələr üzrə Prezidentin iradəli fəaliyyəti göz qabağındadır. Xarici maraqlı qüvvələrə xidmət edənlər, müəyyən gəlir sahələri əllərindən cıxanlar, xalqa yuxarıdan aşağı baxanlar daim bu sabitliyin pozulmasına Azərbaycanın beynəlxalq imicinə xələl gətirilməsinə, xalqın ölkə prezidentinə olan etimadına kölgə salmaq istyənlər heç vaxt istəylərinə nail ola bilməyəcəklər. Xalq yaxşı bilir ki, intiqamla çalışan ağıllar dövləti dağıdar, barışığa can atan ağıllar dövlət yaradar, milli birlik yaradar. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin daim yanındadır və onun rəhbərliyi ilə qüdrətli Azərbaycan dövləti yaranıb və beynəlxalq birlikdə də layiqlə təmsil olunacaqdır.    

Əmir Çıraqəliyev, ictimai fəal                                   

Share