Azərbaycan jurnalistikasında Natəvan nə birincidir, nə də sonuncu

Azərbaycan jurnalistikasında Natəvan nə birincidir, nə də sonuncu

22.07.2023 Off By Füzuli İsmayılov

Natəvana görə ölkədə döymədiyimiz qapı qalmadı. Yalnız Mübariz Mənsimov dəstək verdi.

Natəvan çox abırlı adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi. Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Məsimov xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natəvan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natəvanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm. Amma aqressiv irəliləyən xəstəlik onu bizdən aldı. Natəvanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun! Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq.

Qənirə Ataşova

P.S. Bəli, biz buyuq, beləyik, sağlığında imdada çatmağa tələsmirik, öləndən sonra çox şeylər yazırıq. Özü də tələsik. Sanki bundan sonra əlimizdən bir şey gələcək. Qənirə xanım, Azərbaycan jurnalistikasında Natəvan nə birincidir, nə də sonuncu. Müasir Azərbaycan jurnalistikası və ona dövlətin verdiyi dəyər budur… Öləndən sonra Allah rəhmət eləsin demək. Allah rəhmət eləsin!

Share