Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteran həqiqi hərbi xidmətə qəbul edilıb
18.08.2023Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
18 avqust 2023-cü il tarixdə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 9 nəfərdən 1 nəfər mayor, 2 nəfər baş leytenant, 3 nəfər isə leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Həmçinin xidmətə qəbul olunan mülki şəxslərdən 1 nəfərə çavuş, 1 nəfərə kiçik gizir, 1 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.









SHXÇDX-nin rəisi Mürsəl İbrahimov xidmətə qəbul olunan veteranlara təşəkkürünü bildirib: “Çox sevindirici haldır ki, Sizlər – İkinci Qarabağ Müharibəsinin iştirakçıları xidməti davam etmək üçün məhz bizim qurumu seçmişiniz. Vətənə xidmət etmək, Vətənin keşiyində durmaq hər bir azərbaycanlının borcudur. Müzəffər Ali Baş komandan, cənab İlham Əliyevin əmri ilə silaha sarılıb vətən torpaqlarının müdafiəsinə getmisiniz. Məhz Sizin kimi qəhrəmanların – tarix yazan qəhrəmanların şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub”.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.











