Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gəlib
23.08.2023
Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət etdilər.
Prezident İlham Əliyev: Salam uşaqlar, necəsiniz?
Uşaqlar: Salam, yaxşıyıq.
Qadın sakin: Xoş gördük, cənab Prezident.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Prezident Şavkat Mirziyoyev: Salaməleyküm.
Qadın sakin: Salam, xoş gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva: Güllər var, çiçəklər var, salam balalar, salam.
Qadın sakinlər: Salam, xoş gördük, Mehriban xanım.
Prezident İlham Əliyev: Uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə salamlayaq.
Məktəbin direktoru Həcər Mahmudova: Cənab prezidentlər, mən də icazənizlə, Sizi burada olan müəllimlərimiz, şagirdlərimiz, valideynlərimiz adından salamlayıram. Sizləri bu möhtəşəm məktəbdə görməkdən qürur duyuruq. Otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, – bir gün fərqi var, – buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.
Prezident Şavkat Mirziyoyev: Çox sağ olun.
Həcər Mahmudova: Biz pedaqoji kollektivin üzvləri birlikdə sizləri əmin edirik ki, bu məktəbdə təhsil alacaq şagirdlərin gələcəkdə yüksək bilik-bacarığa, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib bir vətəndaş olaraq yetişməsində var qüvvəmizlə çalışacağıq. Sizə minnətdarıq, bir daha çox sağ olun.
Prezident Şavkat Mirziyoyev: Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Məktəbə Mirzə Uluqbəyin adı verilib.
Həcər Mahmudova: Bəli, Əmir Teymurun nəvəsi.
Prezident İlham Əliyev: Bəli, Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq.
Həcər Mahmudova: Biz buna çalışacağıq. Təşəkkür edirik Özbəkistan Prezidentinə, təşəkkür edirik özbək xalqına, minnətdarıq.
Prezident Şavkat Mirziyoyev: Sağ olun.
x x x
Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
x x x
Prezident İlham Əliyev: Xeyirli, uğurlu olsun.
Prezident Şavkat Mirziyoyev: İnşallah, uğurlu olsun.
Sonra xatirə şəkli çəkildi.
Daha sonra dövlət başçılarına və xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Sonra görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirildi.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.


Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.
Sakinləri təbrik edən Prezident İlham Əliyev dedi:
-İlk növbədə, sizi təbrik edirəm, öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz.
Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm.
Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!
x x x
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dedi:
-Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.
Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var. Babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır. Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik.
Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram.
Bizdə çox gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir. Mən sizi görməyimdən çox məmnunam. Bundan sonra sizə yalnız sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Sağ və salamat qalın.
x x x
Füzuli rayon sakini Elnur Nərimanzadə dedi: Möhtərəm cənab prezidentlər, Sizi Füzuli şəhərinin sakinləri adından salamlayırıq.
1993-cü il avqustun 23-də, – mənim 3 yaşım var idi, – bu torpaq işğal olundu. Bu gün biz öz doğma yurdumuza qayıtmışıq. Cənab Prezidentimizin göstərişi ilə bu gözəl evlər tikilib, biz bu gözəl evlərə köçmüşük. Hazırda buradayıq, öz torpağımızdayıq, öz yurdumuzdayıq. Buna görə cənab Prezidentimizə təşəkkür edirik.
Bu gün, cənab Prezident Mirziyoyev, Sizə təşəkkür edirik ki, bizim üçün, övladlarımızın təhsil almaları üçün belə gözəl bir məktəb tikdirmisiniz. Çox sağ olun, minnətdarıq.
Prezident Şavkat Mirziyoyev: Sağ olun.
Sakin: Dostluğunuz, qardaşlığınız əbədi olsun! Sizi təbrik edirəm, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm.
Sakinlər: Sağ olun. Allah Sizdən razı olsun. Çox minnətdarıq.
Prezident İlham Əliyev: Təşəkkürlər, sağ olun.
Sakinlər: Sağ olun.
x x x
Sonra dövlət başçılarına və xanımlarına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 8,9 hektar olan kompleks 38 yaşayış binasından ibarətdir. Binalar 4, 5, 6 və 7 mərtəbəlidir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur.
Hazırda kompleksin inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Altı bina və 144 mənzildən ibarət birinci məhəllənin tikintisi cari il avqustun sonlarında başa çatdırılacaq. Altı bina və 123 mənzildən ibarət ikinci məhəllə isə sentyabrda təhvil veriləcək. Ümumilikdə 579 mənzildən ibarət daha 26 binanın tikintisi bu ilin sonlarında başa çatdırılacaq.
Burada bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq sakinlərin istifadəsinə veriləcək. Bütün binalar mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və liftlə təmin ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları, istirahət guşələri, uşaq oyun və idman meydançaları da yaradılacaq.
x x x
Sonda xatirə şəkilləri çəkdirildi.


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən və görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.
Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
Diqqətə çatdırıldı ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verildi.

Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları və xanımları əvvəlcə Saatlı məscidində olublar.
Özbəkistan Prezidentinə və xanımına məlumat verildi ki, məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb və bu ilin may ayında məscidin açılışı olub.
Sonra prezidentlər və xanımları Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxdılar.
Prezidentin köməkçisi Anar Ələkbərov Özbəkistan Prezidentinə və xanımına Mərkəz və sərgi barədə məlumat verdi.
Bildirildi ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra bu il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.
Qeyd edildi ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.
Diqqətə çatdırıldı ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.
İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qoyulub.
Sonra ali qonaq və xanımı Şuşanın Baş planı ilə tanış oldular.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin Baş planı barədə ali qonağa və xanımına məlumat verdi. Qeyd edildi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.
Natəvan bulağı ilə tanışlıq zamanı qeyd olundu ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.
Özbəkistan Prezidenti və xanımı Yuxarı Gövhər Ağa məscidi ilə də tanış oldular. Məlumat verildi ki, Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Şuşa şəhəri işğal altında olduğu müddətdə bu məscid ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin sonlarından başlanan bərpa işlərindən sonra bu ilin mayında məscidin açılışı olub.
Sonra Özbəkistan Prezidenti və xanımı Bülbülün ev-muzeyində oldular.
Ali qonağa və xanımına məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.
Mehmandarovların malikanə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, bu kompleks Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.
Diqqətə çatdırıldı ki, 2021-ci ilin oktyabrından etibarən Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılıb. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrün texnologiyalarına uyğun bərpa edilib. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilib. Otaqda milliliyi nümayiş etdirən elementlər də var. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun hazırlanıb. Fotolar Şuşanın tanınmış zadəgan nəsillərinə – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, Avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə olunub.
Sonra dövlət başçıları və xanımları Cıdır düzündə oldular.
Ali qonağa və xanımına məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.
Şuşa ilə tanışlıq qonaqlarda dərin təəssürat doğurub.


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.











