Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları Füzulidə dəfn olundu
13.09.2023Bu gün Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olundu. Şəhidimizin rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn mərasimində iştirak etdik. Bu barədə millət vəkili, iqtisadçı-alim Vüqar Bayramlı feysbuk səhifəsində paylaşım edib.
Qeyd edək ki, Şəmsəddin Allahverdiyev 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O çoxsaylı hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında iştirak edib. O 1993-cü il mart ayının 27-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.


Torpaqlarımız işğaldan azad olunandan sonra uzun müddət işğal altında qalan ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqları aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş.Allahverdiyevə məxsus olduğu təsdiqlənib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.











