Rabitəmizin inkişafı Ulu Öndərin adıyla bağlıdır

Rabitəmizin inkişafı Ulu Öndərin adıyla bağlıdır

29.09.2023 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncam çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətinin, hadisələrin və nailiyyətlərin daha əsaslı və sistemli şəkildə şərh edilməsinə, xalqımıza və dünyaya çatdırılmasına şərait yaradır.

Heydər Əliyev bu mühüm və vacib sahənin respublikamız üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir”. Ümummilli lider haqlı olaraq qeyd edirdi ki, müasir informasiya-kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz.

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illəri əhatə edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərmişdir.

Azərbaycan milli rabitəsi özünəməxsus zəngin inkişaf yolu keçib. Bildiyimiz kimi, Bakıda telefon rabitəsi 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da ilk telefon xətti çəkilmişdır. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur. Neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac var idi.

1970-ci il iyun ayının 24-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi sahələrin cəmi 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri kimi qarşıya qoyulmuşdur.

Qərarda həmçinin 1971-1975-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il bir ATS binasının tikilməsi, ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır. Dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikanın rabitə sistemində böyük nailiyyətlər əldə olundu. 1974-1980-ci illərdə təkcə Bakı şəhərində ümumi tutumu 164.400 nömrə olan ATS-in tikilib istifadəyə verilməsi planlaşdırıldı və həyata keçirildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmişdir.

1994-cü ilin fevralında Heydər Əliyev qardaş Türkiyə Respublikasına səfəri zamanı Türkiyə telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanmış, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən “NETAŞ” şirkətində olmuş və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında iş birliyi qurulmasını tövsiyə etmişdir. Nəticədə, Türkiyənin “NETAŞ” və “TELETAŞ” şirkətləri ilə geniş əməkdaşlıq əlaqələri qurulmuş və Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görülmüşdü. 1993-2003-cü illər Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verildi. Bununla da Bakının bütün kənd və qəsəbələri telefonlaşdırıldı. 2002-ci ildə isə paytaxtda telefon növbəliliyi ləğv edildi.

1995-ci il dekabrında Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində rabitənin inkişafına göstərdiyi diqqətin əyani nümunələridir.

Müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqlamlarını seyr edə bilməsini təmin etmək məqsədilə 1996-cı ildə AzTV-1 milli televiziya proqramı TÜRKSAT süni peyk vasitəsilə yayımlanmağa başladı. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllənin tikilib başa çatdırılması da məhz onun səyləri nəticəsində reallaşdı və 1996-cı ildə teleqüllə istifadəyə verildi. Azərbaycanda dünya standartları səviyyəsində teleradio yayımını təmin etmək üçün müvafiq qanunvericilik bazası yaradıldı və tədbirlər görüldü.

Bu gün Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir.

Vəli Məmmədov,

Xəzər rayon Telefon qovşağının rəisi

Share