Prezident İlham Əliyev: Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək
12.10.2023Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.
Dövlət başçısımız görüş zamanı bildirib ki, Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Əlamətdar haldır ki, sizin iclasınız dövlət başçılarının da ünsiyyətinə və qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərinin müzakirəsinə kömək edəcək MDB-nin növbəti sammiti ərəfəsində keçirilir. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır.
Prezident həmçinin qeyd edib ki, daim operativ informasiya mübadiləsi aparmaq zəruridir… Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir.
Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur. Son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür, deyərdim ki, birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu nəzərə alaraq, son üç ildə baş verənlər barədə sizi qısaca məlumatlandırmaq istəyirəm. Amma mənim informasiyamın, necə deyərlər, daha dolğun olması üçün tarixə qısa ekskursiya etmək istəyirəm.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov çıxışında bildirib ki, Azərbaycan həmişə Şuranın işinin təşkili üçün əlverişli və gözəl şərait yaradır. Əlbəttə, biz bugünkü tədbirimizin hazırlanmasında aparılan ilkin işlərə görə Azərbaycan Təhlükəsizlik Xidmətinin rəhbərinə də minnətdarıq. Demək istəyirəm ki, fəaliyyət göstərdiyi bütün dövr ərzində Şura öz əhəmiyyətini sübut edib. Sizin bu gün xüsusi xidmət orqanlarının rəhbərlərinə çatdırdığınız məsələlərin əksəriyyəti Sovet İttifaqının süqutundan sonra qarşılaşdığımız problemlərin fonunda real olaraq mövcuddur.
Çox təəssüf ki, hər bir respublika, hər bir suveren dövlət bu və ya başqa dərəcədə bizim Şuranın tədbirlərində müzakirə etdiyimiz problemləri yaşayıb. Bunlar bizim son illər daim bəhs etdiyimiz separatçılıq və ekstremizm təzahürləridir. Biz bu və ya başqa dərəcədə bununla qarşılaşmışıq. Biz bilavasitə dövlətlərimizin təhlükəsizliyi, suverenliyi, konstitusiya quruluşu ilə bağlı məsələlərdən danışırıq, belə ki, həm ölkənin daxilində olan, həm də xarici amillərlə bağlı bəzi problemlərin hamısı ümumilikdə təhlükəsizlik məsələlərinə təsir göstərir.
İlham Heydər oğlu, yaradılan şəraitə və bugünkü görüşdə bizə verdiyiniz tövsiyələrə, tarixi arayışa, hazırda bizim içərisində olduğumuz MDB məkanında və regionda baş verən proseslərin əsaslandırılmasına görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu, baş verənlərin anlaşılması və obyektiv qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Əlbəttə, bugünkü iclasın nəticələrindən gələcəkdə dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllində maksimum dərəcədə səmərəli və məhsuldar istifadə etmək üçün bizdən asılı olan hər şeyi edəcəyik.












