Ulu Öndərin zamanında içməli su təminatı üçün geniş təminat yaradıldıyeni təşəbbüslərlə çıxış etdi
12.10.2023Siyasi və iqtisadi müstəqilliyimizin təməli Heydər Əliyevin hələ Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur. Müstəqillik illərində isə məhz Ulu Öndərin gərgin səyləri, düşünülmüş müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmişdir. Ulu Öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.
Ulu Öndər yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına inteqrasiyasının təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuş, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünərək keçmiş SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və aqrar-sənaye, istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur.
Şəxsən onun diqqəti sayəsində 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunmuş, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.
1978-1987-ci illərdə Kür su kəmərlərinin 2-ci və 3-cü növbələrinin inşası nəticəsində təmizləyici qurğuların emal, magistral kəmərlərin nəql gücü artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırıldı. Bununla da yeni salınmış 8-ci km, Günəşli və Əhmədli yaşayış massivlərində, mikrorayonlarda, eləcə də sənaye müəssisələrində müşahidə olunan su qıtlığı aradan qaldırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatında müstəsna əhəmiyyət daşıyan mərkəzi su anbarları tikilərək istifadəyə verildi, yeni supaylayıcı şəbəkələr quruldu. Ulu Öndər Heydər Əliyevin “Bakını yaşıllıqlar diyarına çevirək” çağırışı və təşəbbüsü yeni parkların, xiyabanların və yaşıllıq zolaqlarının salınması ilə nəticələndi.
Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyəti olan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü mərhələsinin inşasında da Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1978-ci ildə işə salınan üçüncü növbə də daxil olmaqla Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılmışdır. Respublikanın şəhər və rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli və tullantı su sistemlərinin yaradılması da 1970-80-ci illərdə Ulu Öndərin birbaşa rəhbəliyi ilə həyata keçirilmişdir.
1993-cü il iyunun 9-da təkidli tələblərdən sonra Heydər Əliyev Bakıya gəldi. Xalq dərindən nəfəs aldı, rahatlıq tapdı: ağıl və zəka, Heydər Əliyev dühası düşmən qarşısında ən etibarlı sipər idi. Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda cövlan edən mürəkkəb prosesləri təhlil edərək, məmləkətin tarixi taleyinin xilası yolunda siyasi iradə nümayiş etdirdi, qəti addımlar atdı.
Müstəqilliyin ilk illərində Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq imkanlarını nəzərdən keçirdi. Bunun üçün ilk növbədə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkənin gələcək inkişafına yönəldilməsini nəzərdə tutan neft strategiyası işlənib hazırlandı. Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası müstəqil Azərbaycanın dinamik inkişafı üçün möhkəm təməllər yaratdı.
Müstəqilliyin ilk illərində Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldilmişdir. Xarici investisiyaların səmərəliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən ölkə üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçilmiş və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alınmışdır. Həmin illər Azərbaycanın maliyyə vəziyyəti içməli su təchizatı sektorunda da böyük layihələri həyata keçirməyə imkan vermirdi. Bunu nəzərə alan Heydər Əliyev əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. O zaman beynəlxalq maliyyə qurumları yenicə müstəqillik qazanmış postsovet ölkələrinə irihəcmli güzəştli kredit ayırmağa ehtiyatla yanaşırdı. Amma Heydər Əliyevin nüfuzu sayəsində bu məsələ də müsbət həllini tapdı və “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrıldı. Bu vəsait hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparıldı, su təsərrüfatının maddi-texniki bazası gücləndirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində suyun keyfiyyət göstəricilərinin standartlara uyğunlaşdırılması paytaxt sakinlərinin təmiz içməli su ilə təminatına imkan yaratdı.
Bundan əlavə, Heydər Əliyevə islam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. Əlavə olaraq xarici maliyyə qurumlarının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 2000-2006-cı illərdə 81,2 km uzunluğunda Baş Mil-Muğan kollektoru yüksək keyfiyyətlə tikilərək istifadəyə verildi. Baş Mil-Muğan kollektorunun istismara verilməsi ilə 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun xidmət etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına imkan yarandı.
Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı və Sumqayıt şəhərlərinin, bütövlükdə Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektləri olduğunu müəyyən edən Ulu Öndər Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisinin başa çatdırılması ideyasını irəli sürdü. Hazırda bu sistemin istifadəyə verilməsi ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmış və 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunmuş, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizi təmin edilmişdir.
1990-cı illərin ikinci yarısında neft gəlirlərinin artımını nəzərə alaraq, böyük uzaqgörənlik nümayiş etdirən Heydər Əliyev Bakının dayanıqlı və keyfiyyətli su təchizatı üçün Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı təşəbbüslə çıxış etdi. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə Ulu Öndər paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirdi və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq verdi. Ulu Öndərin irəli sürdüyü bu layihə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 28 dekabr 2010-cu ildə istismara verildi. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olundu.
Ulu Öndərin ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış etdi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Məhsuldarlığı saniyədə 6 kubmetr olan qurğu bu gün Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verir.
Bu böyük dövlət xadiminin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir.
Azər Baxışov,
Bakı şəhəri, Nərimanov rayon Su-Kanal idarəsinin rəisi











