GÖZÜMÜ KOR EDƏNƏ QARŞI MÜSTƏNTİQ DÜZGÜN İSTİNTAQ APARMIR- ZƏRƏRÇƏKMİŞDƏN MÜRACİƏT

GÖZÜMÜ KOR EDƏNƏ QARŞI MÜSTƏNTİQ DÜZGÜN İSTİNTAQ APARMIR- ZƏRƏRÇƏKMİŞDƏN MÜRACİƏT

23.10.2023 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə;

Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya; 

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə; 

Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova; 

Bakı şəhər Prokuroru cənab Elşən Abbasova; 

Yasamal rayon Prokuroru cənab Elman Süleymanova; 

KİV nümayəndələrinə

Ağdam rayonu, Güllücə kəndi sakini Əliyev Eldəniz Əli oğlu tərəfindən (051-729-22-02) 

ŞİKAYƏT ƏRİZƏSİ 

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mənə və qohumum Verdiyev Nazim Sahib oğluna qarşı 23 may 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda Metropolitenin 20 Yanvar stansiyasının yaxınlığında Abşeron rayonu, Müşfiqabad qəsəbəsinin sakini Qədirov Elçin Vüsal oğlu tərəfindən ağır cinayət törədilmişdir, Qədirov Elçin Vüsal oğlu əhalinin sıx olduğu ictimai yerdə insanların gözü qarşısında əsaslı bir səbəb olmadan gücünü nümayiş etdirərək məni vurub sol gözümü çıxarıb kor etmiş, mənə ağır bədən xəsarəti yetirmişdir, qohumum Nazim Verdiyevi isə vuraraq burnunu sındırmaqla ona az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Onun cinayət əməli nəticəsində bir gözümü itirmişəm. Hadisə baş veribdir 23 may 2023-cü il tarixdə, hadisədən 5 ay keçibdir, bu cinayəti araşdıran Yasamal rayon Polis İdarəsinin müstəntiqi Rüfət Mustafazadə 4 ay sənədləri özündə saxlamış, məni və qohumumu aldadaraq cinayət işi başlanıldığını, Elçin Qədirovu tutduğunu demişdir, 

lakin sonradan vəkilim vasitəsilə öyrəndim ki, müstəntiq Rüfət Mustafazadə işi qərəzli şəkildə uzadaraq yalnız 21 sentyabr 2023-cü il tarixdə cinayət işi başlamışdır, məni kor edib əlil edən Elçin Qədirovu tutmamış, ona azadlıqda gəzməsinə, yeni-yeni cinayətlər törəməsinə şərait yaratmış, onun cinayət əməlini yüngülləşdirməyə cəhd etmişdir. Xuliqanlıq niyyəti ilə mənim sağlamlığıma ağır zərər vurma və az ağır zərər vurma maddəsi ilə cinayət işini başlamaq əvəzinə hadisədən 4 ay sonra Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işini başlamışdır, qohumum Nazim Verdiyevə xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirilməsi cinayətini ümumiyyətlə gizlətmişdir. Müstəntiq məndən cəmi bir dəfə izahat almışdır. Yasamal rayon Polis İdarəsinin müstəntiqi Rüfət Mustafazadə mənə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirərək sol gözümü kor edən, qohumum Nazim Verdiyevə xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirən Qədirov Elçin Vüsal oğlunun cinayətini yüngülləşdirmək istəyir. Müstəntiqin bu əməllərini istintaqa nəzarət edən Yasamal rayon Prokurorluğu görür, lakin tədbir görülmür, cinayət işinin düzgün olmayan maddə ilə, özü də 4 ay gec başlanmasına Yasamal rayon Prokurorluğu tərəfindən əhəmiyyət verilmir, müstəntiq Rüfət Mustafazadədən qanuna əməl edərək Qədirov Elçin Vüsal oğlunun ağır cinayət əməlinə düzgün hüquqi qiymət verilməməsinə, onun həbs edilməsinə prosessual rəhbər kimi münasibət bildirilmir. 

Bakı şəhər Prokurorluğu tərəfindən bu ağır cinayətlə bağlı təqsirkar Elçin Qədirovun əməli müstəntiq Rüfət Mustafazadə tərəfindən Cinayət Məcəlləsinin 126.2.4 və 127.2.3-cü maddələri verilməməsinə heç bir irad bildirilməmişdir, cinayəti törətmiş Elçin Qədirovun həbs olunması ilə bağlı məhkəməyə sənədlər təqdim edilməmişdir. Elə bir fikir yaranır ki, sanki Bakı şəhər Prokurorluğu da bu işdə cinayəti törətmiş Elçin Qədirovun mənim gözümü kor etməsini ciddi hadisə kimi qəbul etmir. 

Qədirov Elçin Vüsal oğlu mənim sol gözümü kor edibdir, bir gözlü qalmışam, ömürlük şikəst edibdir məni. Sizdən xahiş edirəm həmin cinayət işini Yasamal rayon Polis İdarəsində istintaq aparılmasını istəmirəm, cinayət işinin Yasamal rayon Polisindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində istintaq edilməsinə göstəriş verəsiniz. Rüfət Mustafazadə kimi müstəntiqlər üçün insanın kor olması əhəmiyyətli deyil, o, öz maraqlarını güdür və ağır cinayət törətmiş şəxsin müdafiəçisi kimi hərəkətlər edir. Ağır cinayət törətmiş Elçin Qədirov azadlıqda gəzir, öz işindədir. 

Bu şikayət ərizəmin surətlərini Baş Prokurora və Daxili İşlər Nazirinə göndərirəm. Hörmətli cənab Prezident və Hörmətli Mehriban xanım, Sizdən xahiş edirəm mənim gözümü vurub kor edən Qədirov Elçin Vüsal oğlunun cinayət əməlinə düzgün maddə verilsin, o, həbs olunsun. 

Share