Heydər Əliyevin keçdiyi yol zəngin bir həyat ensiklopediyasıdır

Heydər Əliyevin keçdiyi yol zəngin bir həyat ensiklopediyasıdır

27.10.2023 Off By Füzuli İsmayılov

Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.

Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru – Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu baxımdan Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında – 1969-cu ildən Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli Liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa və yüksək göstəricilərə nail olunmuşdur. Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.


XX əsrin 70-ci illərinin  əvvəllərinədək  Azərbaycanın  iqtisadi  və  sosial  inkişafında  həll olunmamış çoxlu problemlər mövcud olmuş, respublikanın malik  olduğu iqtisadi, elmi-texniki və  humanitar potensialdan  tam dolğun və səmərəli  şəkildə  istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi  inkişafın ümumi səviyyəsinin ovaxtkı orta ittifaq  göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi  və sosial  şəraitdə respublikada  rəhbərliyə  gələn  Heydər  Əliyev  həmin  vaxt  üçün  mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün  qiymətləndirmiş,  iqtisadiyyatda, sosial-mədəni  və  mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş  yaradılmasını  başlıca  vəzifə kimi  müəyyənləşdirərək çox  qısa zaman  kəsiyində  bütün əsas göstəricilər üzrə Azərbaycanın  keçmiş SSRİ-də  öncül mövqelərə çıxmasını  təmin etmişdir.
1993-cü  ilin  iyununda  xalqın təkidli  tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi  şəraitdə  iki  mühüm vəzifənin – müstəqil  dövlətimizin  məhv olmaq  təhlükəsinin  aradan  qaldırılması, yəni dövlət  müstəqilliyimizin  qorunub  saxlanması və demokratik  dövlət  quruculuğunun  həyata  keçirilməsi  vəzifələrinin həlli  istiqamətində işlərə  başladı. Onun gərgin əməyi, səriştəsi,  böyük  təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində  tarixən  qısa zaman kəsiyində dövlət  müstəqilliyimizin  dönməz  xarakter alması təmin olundu, demokratik  hüquqi  dövlət  quruculuğunun  möhkəm təməli  qoyuldu, siyasi, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu. Sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Prezident Heydər Əliyev tərəfindən nəticəsi sonralar bilinəcək tədbirlər görülməyə  başlandı.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi – “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilənin hər cəhətdən əsaslandırılmış, milli və  dövlətçilik maraqlarımıza tam uyğun  bir tərzdə işlənib hazırlanmasında  İlham Əliyevin də əməyi az olmamışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır.
Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: a) iqtisadiyyatın bütün sahələrində islahatlar  aparmaq və bu  islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; b) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan  xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək. Müstəqillik  şəraitində heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də  təkcə siyasi-mənəvi  deyil, həm də  maddi nəticələr əldə  etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev  deyirdi: “Müstəqillik  ona  görədir ki, biz öz taleyimizin  sahibi olaq, öz  sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın”.

Məmmədcəfər İbrahimov,

iqtisadçı

Share