“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir”
03.11.2023Bu sözlərin müəllifi müzəffər ordunun Ali Baş Komandanı cənab İlham Əliyevdir. Bizə uzun illər gözlədiyimiz zəfər sevincini yaşadan Ali Baş Komandan!
Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.”
Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi inkişaf strategiyasının ən böyük uğurlarından biri ordumuzun döyüş qabiliyyətinin artırılmasıdır. Ermənistanla aparılan 26 illik danışıqlar prosesi ilə paralel olaraq Azərbaycanda ordu quruculuğu intensiv şəkildə həyata keçirildi. Döyüş qabiliyyətinin yüksəldilməsi üçün yalnız kəmiyyət deyil, keyfiyyət dəyişikliklərinə üstünlük verildi. Uzun illərdir ki, Azərbaycan dünyada müasir döyüş imkanlarına malik ölkə kimi tanınır. İndiyə kimi keçirilmiş paradlarda, 2016-cı ilin Aprel döyüşlərində hər birimiz ordumuzun döyüş gücünü görüb fərəhlənmişdik.
44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı.
İlham Əliyev əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda – sentyabrın 29-da Mehriban xanım Əliyeva ilə birlikdə yaralanmış hərbçilərlə görüşmüşdü. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandanın Mehriban Əliyeva ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbçilər oldu. Bu, Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibətinin, onlara yüksək diqqətinin növbəti təcəssümüdür.
44 günlük müharibədə Azərbaycanın qələbəsi bir neçə aspektdən də öz möhtəşəmliyi ilə tarixi əhəmiyyət daşıyır. Ən mühüm məsələlərdən biri odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən həmvətənlərimiz artıq məcburi köçkün deyillər. Yaralı hərbçilərlə görüşdə Prezident İlham Əliyev bunu həm həmin insanların, həm də özünün həyatında ən xoşbəxt anların təzahürüdür adlandırdı. Bu, həqiqətdir ki, yurd nisgili ilə yaşayan məcburi köçkünlər hər zaman bu ifadədən xilas olmaq istəyiblər və müzəffər Ali Baş Komandan İlham Əliyev onların bu arzusunun həyata keçməsini təmin etdi.

Vüqar Qasımov,
Ədliyyə Nazirliyi Xətai rayon icra şöbəsinin rəisi











