Azərbaycan Böyük Zəfərini döyüş meydanında qazandı- Müzəffər Ali Baş Komandan ilə
03.11.2023Prezident İlham Əliyev xarici KİV-ə müsahibələrinin birində bildirmişdi ki, biz Qarabağ müharibəsini yox, döyüşləri uduzmuşuq. Bu zəfərlə İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycanın müharibədə uduzması mümkün deyil. Beləliklə, artıq Cənubi Qafqazda yeni siyasi reallıq dövrü yaranıb. Bu reallığa imza atan lider isə Azərbaycanı qalib edən İlham Əliyevdir. Yeni dövrün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.
Böyük Zəfərdən zaman ötdükcə qələbə ilə nəticələnən döyüşlərin bütün istiqamətlər üzrə gedişi, nəticələri, yaratdığı dəyişikliklər daha dərindən araşdırılacaq, öyrəniləcək. Yerli və xarici tarixçilər, hərbi tədqiqat mərkəzləri, ekspertlər yalnız 44 günlük döyüş əməliyyatları dövrünü deyil, eyni zamanda müharibədən əvvəlki və sonrakı mərhələləri də dəqiqliklə təhlil edib araşdırmalar aparacaq, mükəmməl salnamələr yaradacaqlar. Gələcək nəsillər tarixin gedişini dəyişən 44 günlük Vətən müharibəsinin mənzərəsini dərindən, obyektiv və müfəssəl öyrənməli və düzgün nəticə çıxarmalıdır. Bu tarixin yazılmasında Ali Baş Komandan olmaqla “Dəmir yumruq” əməliyyatının iştirakçıları olan bütün şəxslərin mülahizələri və xatirələri xüsusi önəm daşıyır.
Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Azərbaycan Ordusunun şəxsi heyətinin Vətən müharibəsində nümayiş etdirdiyi döyüş ruhu, qələbə əzmi, igidlik və qorxmazlıq, müasir ümumqoşun döyüşünün aparılması taktikası, o cümlədən tətbiq etdiyi yeni nəsil silah, hərbi texnika və digər döyüş vasitələri şanlı Zəfərimizə verilən qiyməti daha da yüksək edir.
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı Azərbaycan Ordusunun dünyanın ən güclüləri sırasında olduğunun əyani göstəricisi olmaqla bərabər, eyni zamanda “bir millət, iki dövlət” qardaşlıq münasibətlərinin növbəti təntənəsi idi. Azərbaycan xalqı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi dəstəyini heç vaxt unutmayacaq.
Azərbaycan Böyük Zəfərini döyüş meydanında qazandı və siyasi qələbəsini hərbi qələbəsi ilə tamamladı. Azərbaycan xalqı və ordumuz bu Zəfərin nailiyyətlərini əsrlər boyu qoruyub saxlamalı və Ali Baş Komandanın yorulmaz fəaliyyətini hər zaman yüksək dəyərləndirməlidir.
İradə İbrahimova,
“ŞƏMS” körpələr evinin müdiri











