Xilaskar lider-Müzəffər Ali Baş Komandan
03.11.2023Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.
2016-cı ilin Aprel döyüşlərində minimum itki verməklə düşmənə sarsıdıcı zərbələrin endirilməsi, 2000 hektardan çox ərazinin, Lələtəpə kimi strateji əhəmiyyətli yüksəkliyin azad edilməsi, 2018-ci ilin mayında cəmi bir şəhid verməklə Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əməliyyat sayəsində 11 min hektardan artıq ərazinin azad edilməsi, nəhayət, Tovuz döyüşlərində Ermənistan silahlı birləşmələrinin dövlət sərhədimiz istiqamətində amansız hücumlarının inamla dəf edilməsi ölkəmizdə ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların nəticəsi, Ordumuzun peşəkarlığının göstəricisidir. Ali Baş Komandanın verdiyi xüsusi tapşırıq sayəsində məhz yuxarıda sadaladığımız nailiyyətlərə imza atılıb və bunlar Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirib.
Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq bir il üç ay vaxt keçib. Bu müddətdə ilk Qələbə paradımız keçirildi. Tarixi Zəfərimizin birinci ildönümü ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edildi. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına artıq son qoyulub, düşmən darmadağın edilib. Artıq bir ildir ki, gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir. Ötən hər gün, həftə, ay vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır.
Artıq bir ildən çoxdur ki, ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan və tənəli ifadələr eşitməkdən xilas olub. Hamımız şəhidlərimizin xatirəsini böyük qürur hissi ilə anır, Vətən müharibəsində qazandığımız Qələbədə əməyi olan insanları hörmətlə yad edir, qədim elimizə böyük qayıdışı səbirsizliklə, sevinclə gözləyirik.
Zabil Mustafayev,
Kənd Təsərrüfatı Nazirliyi, “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyi,
Kəlbəcər-Laçın Regional İdarəsinin rəisi











