Heydər Əliyevin apardığı hüquqi islahatlar və İnsan hüquqları
17.11.2023Demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə ilk öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən prioritet hesab edilən mövzulardan sayılır. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib.
Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz ümummilli liderin adı ilə bağlıdır. H.Əliyevin Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi və demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün gördüyü işlər barədə çox fikirlər səsləndirilsə də, gənc nəslin onun fəaliyyətinə dair mütəmadi biliklər əldə etməsi bugünkü zamanımızın tələbidir. Çünki Azərbaycan məhz müstəqil dövlətimizin qurucusunun qoyduğu yolla prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, ardıcıl uğurlar qazanır.
H.Əliyevin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi. Müstəqil dövlətimizin ilk konstitusiyasının preampulasında göstərilir ki, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir.” Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçib. Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə əsasən dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi təsbit edilib.
Beləliklə, keçmiş sovet konstitusiyalarından fərqli olaraq ilk dəfə konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə, konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Beləliklə, konstitusiyanın qeyd edilən normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlayıb. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılıb.
İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 3 may 2002-ci ildə Vilnüs şəhərində qəbul edilmiş 13 saylı protokolun 1-ci maddəsində göstərilir ki, ölüm cəzası ləğv olunur, heç kəs belə cəzaya məhkum edilə və ya edam oluna bilməz. Lakin hələ bundan 4 il əvvəl-1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair” dövlət proqramı mühüm rol oynayıb.
H.Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atıb.
Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulub. Konvensiyanın 46-cı maddəsinə müvafiq olaraq Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qəbul edəcəyi qərarlar qəti olmaqla bütün dövlət orqanları, o cümlədən məhkəmələr üçün məcburidir. Həmin maddənin tələbinin pozulmaması üçün dövlətdə müvafiq mexanizm olmalı, milli məhkəmələr tərəfindən Avropa Məhkəməsinin presedent hüququna müraciət edilməlidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafəsi sahəsində daha ciddi nailiyyətlə əldə edilməyə başlandı.
İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. H.Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, ümummilli liderin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırıldı. Senzura ləğv edildi. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.
Bu gün biz ümummilli liderin bizə miras qoyduğu hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da güclənməsi üçün bir vətəndaş olaraq əlimizdən gələni etməli, insan hüquq və azadlıqlarının təminatı, müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirməliyik.
Sahilə Bayram qızı Abdullayeva
Rezonans.az İnformasiya Portalının Baş redaktoru