Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib
17.11.2023Hakimiyyet.info.az xəbər verir ki, noyabrın 14-15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.
Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Müqəddəs Sultanov, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Ceyhun Budaqov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib.
Özbəkistan Respublikasının Baş prokurorunun müavini Svetlana Artikova nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini qeyd edərək ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edən Müqəddəs Sultanov qurumlarımız arasındakı sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirib. Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra əməkdaşlıq proqramı çərçivəsində “Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin açılmasının aktual problemləri” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikası Baş Prokurorluğunun muzeyi, eləcə də Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.