Ulu öndər Heydər Əliyev: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.”

Ulu öndər Heydər Əliyev: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.”

17.11.2023 Off By Füzuli İsmayılov

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilir, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir.  Axı  uşaqlar dövlətin gələcəyi, dayağıdır.

Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir.  Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı  uşaqlara olan məhəbbətinin təzahürü idi.

Müasir dövrdə qlobal problemlərin bir-birini əvəz etməsi, sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, qlobal iqlim dəyişiklikləri və digər hadisələr ictimaiyyəti ciddi narahat etsə də, uşaqların taleyinə aid məsələlər gündəmdən düşməmiş, daim diqqət mərkəzində olmuşdur. Müxtəlif həyat hadisələrinə, ətraf aləmə böyük maraq göstərən, hər şeyin mahiyyətinə varmağa çalışan bugünkü uşaq əqli intellektual qabiliyyəti ilə 30-40 il bundan əvvəlki yaşıdlarından xeyli fərqlənir. Orta ümumtəhsil məktəblərinin ilk pillələrindən başlayaraq uşaqlara həyat, ətraf aləm, özündən böyüklərin işi-peşəsi haqqında məlumat vermək, onlarda müəyyən anlayışlar formalaşdırmaq, mənəvi hisslərini, milli-vətənpərvərlik tərbiyəsini qüvvətləndirmək indi dövrün ən başlıca məsələlərindəndir. Lakin problem xarakterli bu məsələlərin, qarşıda duran vəzifələrin həllini təkcə ümumtəhsil məktəblərinin, digər təlim-tərbiyə ocaqlarının üzərinə atmaq bu günün tələbləri ilə həmahəng səslənmir. Bu da məlumdur ki, hər bir məktəbin, ailənin, hər bir uşağın ana dilimizə məhəbbətin zənginliklərini öyrətmək biz böyüklərin, müəllimlərin, tərbiyəcilərin borcudur.

Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.

Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə  həyata keçirdiyi uğurlu siyasi kursu məhz uşaqlara münasibətdə də yüksək templə bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Ayaz Nağıyev,

“Gələcəyə inamla” Tədris-İnkişaf Mərkəzinin təsisçisi

Share