İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub
22.11.2023Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verdi.
Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Azərbaycan və İraq prezİdentlərİnİn təkbətək görüşü keçİrİlİb
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.
Dövlətimizin başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi.
İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.
Azərbaycan-İraq sənədlərİ İmzalanIb
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədi “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzaladılar.